Deputatlığa namizəd Şahnəzər Bəşirov: “Göyçay seçiciləri yol, təbii qaz və su ilə bağlı problemlərdən şikayətlənir”
Göyçayın kəndlərində yaşayan seçicilərlə keçirilən görüşlər zamanı çoxdandır ki, həllini gözləyən xeyli problemin olduğunu görürəm. Bu sözləri AzTimes.az saytına müsahibəsində jurnalist, deputatlığa namizəd Şahnəzər Bəşirov deyib. “Görüşlərdə seçicilərimin hamısına deyirəm ki, mən deputat seçilsəm və ya seçilməsəm də həmişə sizin problemlərinizi dinləməyə, şikayətinizi yuxarı orqanlara çatdırmağa hazıram. Mən rayon sakinlərinə söz vermişəm ki, deputatlığa namizəd olduğum 88 saylı Göyçay Seçki Dairəsinə daxil olan 43 seçki məntəqəsinn yerləşdiyi bütün kəndlərə gedərək vətəndaşlarla görüş keçirəcəm. Seçicilərimlə növbəti görüşüm Göyçayın Çərəkə və Çərəcə kəndlərində oldu. Kənd sakinləri yolların çox bərbad vəziyyətdə olmasından, içməli su və suvarma suyunun olmamasından, artezianların, su xətlərinin köhnə olmasından, qadınların, uşaqların, ahıl yaşlı insanların hər gün 2-3 kilometr uzaqlıqdakı bulaqdan qablarda evlərə su daşımasından, təbii qazın təzyiqinin aşağı olmasından şikayətləndilər. Piyadalar çala-çuxurlu yollarda yayda toz, qışda palçıq səbəbindən hərəkət edə bilmir, nəqliyyat vasitələrin ehtiyat hissələri bərbad yollarda tez-tez xarab olur, kəndin məktəbləri köhnə və qəzalı vəziyyətdə olduğu üçün təhsil işçiləri, uşaqlar və valideynlər narazılıq edir”. Şahnəzər Bəşirov bildirib ki, vaxtilə Göyçayın ən inkişaf etmiş və böyük kəndlərindən biri sayılan Çərəkə və ona bitişik Çərəcə kəndi bu gün problemlər içində boğulur, əhali çox kasıb yaşayır, gənclər, ailə başçıları işsizdir, onlar başqa yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. Vətəndaşlar indiyədək heç bir deputatın seçicilərlə görüşmədiyini, onların üzləşdiyi çətinliklərlə maraqlanmadığını dedilər. “Mən jurnalist və deputatlığa namizəd kimi seçicilərin haqq səsini yuxarı orqanlara çatdıracağıma söz verdim. Əslində millət vəkilinin də əsas işi xalqın, seçicilərin həqiqi vəkili olmaq və onların problemlərlə bağlı sözünü, müraciətini yuxarı orqanlara çatdırmaq, onların həllinə nail olmaq üçün dövlət qurumlarından seçicilər adından xahiş edərək nöqsanların aradan qaldırılması üçün kömək istəməkdir. Çünki, millət vəkilinin dövlət qurumlarına söz demək imkanları daha genişdi, Deputat müvafiq qurumlara kənd problemləri ilə bağlı müraciət edərkən utandığı üçün seçicilərin qarşısına çıxa bilmədiyini deməlidir. Sakinlər 15 ildir ki, Göyçayın deputatının Çərəkə və Çərəcə kəndlərinə gəlməməsindən şikayətlənirlər”.
Davud Tarverdiyev – AzTimes.az, Göyçay