Son 2 gündə yağıntının miqdarı aylıq normanı KEÇDİ

Baxılıb:219
Son 2 gündə yağıntının miqdarı aylıq normanı KEÇDİ

Əvvəlcədən xəbər verildiyi kimi soyuq atmosfer cəbhələrinin ölkə ərzisindən keçməsi havanın temperaturunun xeyli enməsi ilə yanaşı, intensiv leysan yağışlarına səbəb olub. Hətta bəzi bölgələrdə cəmi iki gündə yağıntının aylıq norması təmin edilib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Manset.az-a bildirib.

O qeyd edib ki, ən çox düşən yağıntının miqdarı  Lənkəranda 80 mm (aylıq normanın 136 faizi), Astarada 59 mm (aylıq normanın 117 faizi), Şəkidə 62 mm (aylıq normanın 74 faizi), Zaqatalada 49 mm (aylıq normanın 42 faizi), Qaxda 46 mm (aylıq normanın 55 faizi), Oğuzda 45 mm (aylıq normanın 33 faizi), Balakəndə 42 mm (aylıq normanın 36 faizi), Qəbələdə 33 mm (aylıq normanın 28 faizi), Yardımlıda 29 mm (aylıq normanın 23 faizi) qeydə alınıb.

“Sentyabrın 6-da saat 21:15 radələrində Gədəbəy rayonu ərazisinə diametri 12 mm olan dolu düşüb. Havanın temperaturu  iqlim normasından 4.6 dərəcə aşağı olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə  yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək”. 

Xidmət rəisinin sözlərinə görə, oxşar proses son 10 ildə 2016-cı ilin sentyabrın birinci ongünlüyündə qeydə alınıb.

U.Tağıyeva onu da qeyd edib ki, ayrı-ayrı bölgələr üzrə gündəlik, həftəlik hava proqnozları, həmçinin gözlənilən, faktiki hava şəraiti ilə bağlı daha ətraflı məlumatları  meteo.az saytından əldə edə bilərsiniz.


Abunəlik