Azərbaycanda DƏHŞƏT: Kişi evli bacısı ilə yazışan dayısı oğlunu öldürdü

Baxılıb:154
Azərbaycanda DƏHŞƏT: Kişi evli bacısı ilə yazışan dayısı oğlunu öldürdü

Tərtərdə öz dayısı oğlunu öldürən 1990-cı il təvəllüdlü Famil Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Gəncə  Ağır  Cinayətlər  Məhkəməsinin hökmü ilə F.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Familin törətdiyi cinayətə gəlincə, bu, ötən ilin noyabrında baş verib.

Belə ki, Famil kürəkənindən onun bacısından ayrılmasının başlıca səbəbini soruşanda, yeznəsi həyat yoldaşının dayısı oğlu ilə mesajlaşdığını deyib və bunu təsdiq edən SMS-ləri ona göstərib.

Famil isə bunun dayısı oğlu Turaldan soruşacağını, etiraf edəcəyi halda ondan qisas alacağını bildirib. Nəticədə Famil dayısı oğlu ilə Tərtərdə görüşüb.

Orada Turaldan bacısı ilə olan yazışmalara aydınlıq gətirmək üçün kürəkəninin qohumuna məxsus evə dəvət edib. O, maşına minmək üçün gedərkən Turalın üzərində mətbəx bıçağının olduğunu görüb. Famil Turaldan nəyə görə bıçaq götürdüyünü soruşduqda, 1998-ci il təvəllüdlü dayısı oğlu cavab verməyib. Famil Turala belə bir şeyə ehtiyac olmadığını və sadəcə söhbət etmək üçün getdiklərini deyib.

Qohumlar sözügedən ünvana çatdıqda kürəkənin artıq onları gözlədiyini görüb. Famil evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşub, bu zaman Tural onun bacısını öz bacısı kimi görmədiyini bildirib.

Famil Turalı çiynindən əli ilə kənara itələyib, həmin zaman Tural cibindən bıçağı çıxarıb onun sol qoltuqaltı nahiyəsinə zərbə endirib. Bu zaman Famil Turalın əlini tutub yerə yıxıb. Bundan sonra Tural cibindən ikinci bıçağı çıxararaq ona yenidən zərbə endirməyə çalışdıqda, o, Turalın əlindən həmin bıçağı alıb və onun qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib. Tural qaçmaq istəyərkən Famil onun arxasında gedib və onun kürəyinə daha bir neçə bıçaq zərbəsi endirib. Tural bir qədər irəlilədikdən sonra küçədə üzü üstə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalıb.

Bu zaman səs-küyə qonşuluqda yaşayan bir qadın çıxıb. Famil qadına adam öldürdüyünü, 102-ə zəng etməsini xahiş edib. Famil kürəkəni ilə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini görüb. O, polis əməkdaşlarının gəlib onu tapa bilmələri üçün maşına əyləşərək Tural yanına qayıdıb və polisin gəlməsini gözləyib. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gələrək onu saxlayıblar.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd edib ki, onun Turalı öldürmək məqsədi olmayıb. Sadəcə, hadisə vaxtı Turalın ona bıçaqla müqavimət göstərdiyindən, əlində olan bıçağı ondan alıb və bir neçə dəfə Turalın bədəninin müxtəlif nahiyəsinə xəsarət yetirib. Daha sonra isə özünü itirdiyindən Tural qaçıb gedən zaman dayısı oğlunun arxası ilə gedərək, onun kürəyinə yıxılana qədər bıçaqla zərbə endirib.

Məhkəmədə o da məlum olub ki, hadisədən dərhal sonra Famil həyat yoldaşı ilə telefonla danışıb. O, telefon danışığı zamanı xanımına “Məni bağışla, sözümü tuta bilmədim, özümü müdafiə üçün Turalı öldürdüm, gedirəm polisə təslim olmağa” deyib. Famil əvvəllər həyat yoldaşına onu heç vaxt tək qoymayacağı barədə söz verdiyini bildirib.

“qafqazinfo”


Abunəlik