RÖVŞƏN MƏMMƏDOVUN HƏFTƏBECƏR KADR “SİYASƏTİ “- keçmiş əməkdaşdan qalmaqallı YAZI

Baxılıb:1137
RÖVŞƏN MƏMMƏDOVUN HƏFTƏBECƏR KADR “SİYASƏTİ “- keçmiş əməkdaşdan qalmaqallı YAZI

Son günlər gündəmi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin işçilərinin hoqqaları zəbt edib.Pis iş görüblər.
Hamı qınayır.Artıq həbs olunan var və təhqiqat başlayıb.Sözüm ondadır ki,bizim camaata da bir hay lazımdır.Dərhal elliklə bir məsələnin ucundan tutub ucuzluğa gedirlər.Amma başqa problemləri dilə gətirmirlər.Məsələn,mənim problemim.
Üçüncü ildir ki,AZTV sədri Rövşən Məmmədovun sayəsində işdən çıxarılmışam.
Mənim ştatımı ixtisar etməyə o qədər tələsdilər ki halal 145 manat qonorarımı da ödəməyib qapını göstərdilər.Bu barədə çox yazıb demişəm,ölkə rəhbərliyinə,bir çox dövlət müəssisəsinə,məhkəmə orqanlarına müraciət etmişəm.İndi iş Ali Məhkəmədədir.
AZTV qarşısında etiraz aksiyam da olmuşdu,o qədər bezmişdim ki üstümə benzin töküb yandırmaq istəyirdim.Lakin polis nəfərləri cəld tərpənib buna imkan verməmişdilər.

Rövşən Məmmədov tək mənə qarşı belə olmayıb.Rəhmətlik Knyaz müəllim,diktor Gülşən Əkbərova,bir neçə sürücü və digər bir neçə əməkdaşla baş vermiş qalmaqalları yəqin xatırlayırsınız.Bundan sonra Hesablama Palatasının səs-küylü audit yoxlaması aparıldı və nəticəsi nəticəsiz qaldı.Yəqin bu maneələrdən keçməsi Rövşən Məmmədova əlavə stimul verib ki,heç nəyə,heç kimə fikir vermədən işçilərinin qonorarlarını kəsib-doğrayır.Amma özünün deyilənlərə görə 7 (yeddi) min manat civarında olan qonorarına əl gəzdirmək istəmir.Bu iddialara aydınlıq gətirmək üçün dəfələrlə aidiyyatı orqanlara müraciət etmişəm ki AZTV-də hərtərəfli yoxlama aparılsın.Çünki Hesablama Palatasının yoxlaması görünür ki kifayət etməyib.Mühasibat ciddi araşdırılmalıdır.
Bildiyimə görə məzuniyyətə çıxanların pulunun,xəstəlik kağızına görə müavinətin hesablanması,ezamiyyə xərcləri ilə bağlı nöqsanlar var.
Rövşən Məmmədovun kadr siyasətinə də baxaq.Nədənsə hazırki AZTV-də əsas vəzifələri bir vaxtlar Rövşən müəllimlə Lider TV-də işləyənlər və ailəsinə yaxınlar,həyat yoldaşı ilə Xəzər TV-də iş yoldaşı olmuş adamlar tutur.Və bir də tarixə qovuşmuş ANS-in bəzi yetirmələri də AZTV sədrinin imtiyazlıları sırasında yer alırlar.Məsələn,İctimai-Siyasi Proqramlar Studiyasının direktoru Tofiq Abbasov Lider TV-də Rövşən Məmmədovun bilavasitə rəhbəri olub.Tofiq müəllimin müavini,”Əsas Məsələ” verilişinin aparıcı Ətayə Ələmdarqızı da Lider TV-də işləyib.Həmin studiyanın əvvəlki rəhbəri Sərvər Bayramov isə Rövşən Məmmədovla İTV-də birlikdə çalışıblar,həm də Hesablama Palatasının yoxlaması aparılanadək dost sayılırdılar.İndi isə simvolik olaraq İnformasiya Proqramları Studiyasının direktor müavinidir.Sərvər müəllimin indiki departamentində sədrin iki tələbə yoldaşı da çalışır- Xarici Xəbərlərin direktoru Xaliq Əli və Region Xəbərlərinin rəhbəri,direktor müavini Elman müəllim.Bu siyahıya sabiq liderçilər-Mədəniyyət Xəbərlərinə baş redaktor təyin etdiyi Təranə Ziyadzadəni,AZTV Xəbərə məsul rejissor qoyduğu Tural Əliyevi,bədii rəhbər müavini Rafael Məmmədovu və transfer etdiyi bir neçə liderçi rejissorları da əlavə etmək olar.Sədrin ştat üzrə köməkçisi Vasif Acalov da Lider TV-də işləyib.Köməkçi demişkən,Vasifi sədrin qəbul otağında görən olmur.Onun işini başqa iki əməkdaş görür.Bu da yəqin Rövşən Məmmədovun idarəçiliyinin sirridir.

İdman TV-nin direktor əvəzi Rövşən Binnətli,Aydın adlı baş rejissoru da liderçidir.Hələ Baş Proqram direktoru Emin Hüseynov da var.

İndi isə Rövşən Məmmədovun ailəsinə yaxın olan əməkdaşlar barədə.Həyat yoldaşının rəfiqələrindən biri Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İlhamə Hüseynovadır.
Digəri isə Həmkarlar Komitəsinin sədri,aparıcı Natəvan Osmanlıdır.”Səhər”in baş redaktoru Turan Babayev,Texniki direktor Elnur Əlizadə də Rövşən Məmmədova yaxın adamlar sayılırlar.Bu iki adam Xəzər TV Əli Həsənovun oğlunun ixtiyarından çıxdıqdan sonra AZTV-yə pənah gətiriblər.Həmin müddət Rövşən müəllimin həyat yoldaşı da Xəzər TV əməkdaşı olub.

Siyahını bir az da uzada bilərəm.Məsələn,Maliyyədəki Niyaməddin Quliyevi,Anarı,Təsərrüfatdakı Vüqar Bəşirovu,Ümumi şöbənin rəisi Tünzalə Nuriyevanı,məsul teleoperator Elşadı,Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyevanı da qeyd etmək olar.

Deməli Rövşən Məmmədov vaxtilə Lider TV-də,həyat yoldaşı Ramilə Məmmədli isə Xəzər TV-də işlədikləri üçün bu üç il ərzində oradan özlərinə yaxın bildikləri adamları AZTV-də yüksək vəzifələrə gətirib,yüksək qonorarla təmin ediblər.AZTV-nin peşəkar,təcrübəli işçilərinin bir qismi müxtəlif bəhanələrlə işdən çıxarılıb,ixtisara salınıb,bir qism bezərək çıxıb,bir qismi isə işindən uzaqlaşdırılıb.

İş o yerə çatıb ki Rövşən Məmmədovun özünə doğma saydığı,vaxtilə direktoru olduğu İctimai-Siyasi Proqramlar Studiyasında da vəziyyət ürəkaçan deyil.AZTV rəhbərinın aparıcısı olduğu “Həftə” proqramında titrlərlə əlaqədar bir yanlışlıq efirə getdikdən sonra sədr az qala hər kəsi təxribatçı kimi görür.Çox güman elə ona görə siyasi veriliş olan,AZTV-nin 1 nömrəli verilişi sayılan,Prezidentin,
dövlətin fəaliyyətinin həftəlik yekununu əks etdirən Həftə proqramını orta təhsillilərdən ibarət olan,siyasi cəhətdən təcrübəsiz rejissor qrupuna etibar edib.Redaksiyanın baş redaktoru və baş rejissorunu Həftə proqramından uzaqlaşdırıb.

Deyəsən Rövşən Məmmədov hələ də özünə yığcam,lakonik ssenari yazan tapmayıb.Əks halda verilişin həcmi təxminən 2 saat çıxmaz.Daha bir gülünc hal odur ki Rövşən Məmmədov verilişdə öz ətrafına aparıcıları toplayıb.Beləki süjetlərin əvvəlində,ortasında,
sonunda aparıcların “stand up”larını görürük.Halbuki həmin aparıcılar mətnin müəllifi deyillər.Sadəcə görüntü üçün Rövşən müəllimə lazımdırlar.Maraqlısı odur ki AZTV sədrinin hazırki və keçmiş köməkçilərinin əksəri aparıcılardır.Bu nə qayda,üslubdur,başa düşmək olmur.

Adətən daxilən zəif,özünə,savadına əmin olmayanlar savadlı insanlardan uzaq qaçırlar,
çalışırlar ki tabeliyindəkilər özündən biliyinə,təcrübəsinə görə aşağı olsunlar,asanlıqla baş üstə desinlər.Yəqin Rövşən Məmmədovda da bu təlaş var.Ona görə də həftəbecər kadr siyasəti yürüdür.
Ümid edirəm ki bir gün AZTV-yə də haqq-ədalət ayaq basacaq.Onda bütün suallara cavab tapılacaq.

Saidə Vəliyeva AzTimes.az


Abunəlik