Yüksək vəzifədə çalışan İDMANÇILARIMIZ

Baxılıb:222
Yüksək vəzifədə çalışan İDMANÇILARIMIZ

Müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda bayrağımızı zirvəyə qaldırıb, himnimizi səsləndirən kifayət qədər idmançılarımız var. Onlar dövlət tərəfindən də yüksək mükafatlara layiq görülüblər. Bir çox uğurlu idmançılarımız isə müxtəlif dövlət qurumlarında məsul vəzifələrə təyin olunublar.

Bizim.media yüksək vəzifələrə təyin olunan idmançılarımızı araşdırıb.

Namiq Abdullayev

1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunları olimpiadasının gümüş, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır, eləcə də üçqat Avropa çempionudur. O, Azərbaycanın “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub. Namiq Abdullayev polis polkovnikidir, hazırda daxili işlər orqanlarında çalışır. O, DİN Daxili Qoşunlar Baş İdarəsində İdman komandasının rəisi vəzifəsini tutur.

Elnur Məmmədli

Hazırda Cüdo Federasiyasının vitse-prezidenti işləyən Məmmədli 2008-ci ildəki Olimpiadada rəqiblərinə asanlıqla qalib gələrək qızıl medal qazanması ilə idman tariximizə adını yazdırıb. O əvvəlcə Dövlət Yol Polisində (DYP) kapitan olsa da, sonradan işlədiyi qurumu dəyişib. Olimpiya çempionumuz 2016-cı ildən etibarən Dövlət Təhlükəsizlik Xidmətində şöbə rəisi vəzifəsində çalışır. 

Adil Əliyev

Adil Əliyev kikboksinq növü üzrə idman ustasıdır. O, 2003-cü ildən polis polkovnik-leytenantıdır. Kikboksinq Federasiyasının prezidenti olan Adil Əliyev həm də bir neçə il bundan əvvəl veteranlar arasında keçirilən kikboksinq yarışının qalibi olub. Hazırda Milli Məclisin vitse-spikeridir.

Fərid Mansurov

Afina Yay Olimpiya Oyunlarının qızıl medalçısı olan güləşçimiz 2011-ci ildən Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti vəzifəsində çalışıb. “Şöhrət” və “Tərəqqi” medalı almış idmançımız 2016-cı ildə Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri təyin edilib. Ötən ilin dekabrında vəzifəsindən azad edilən F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.

Aynur Sofiyeva

Ən uğurlu şahmatçılarımızdan olan Aynur Sofiyeva 20 yaşında tələbələr arasında dünya çempionu, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında Dünya Çempionatında gümüş medal qazanıb.

1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri adını qazanıb. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir.

Firdovsi Umudov

Sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir. Hazırda sərbəst güləş üzrə millimizin baş məşqçisi işləyən Umudov 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir. Rütbəsi polkovnikdir.

Xəzər İsayev

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və gömrük xidməti polkovniki olan Xəzər İsayev güləş üzrə dünya və Avropa çempionluğunu qazanıb. Əməkdar idman ustası həmçinin MOK “Ədalətli Oyunlar” komissiyasının sədridir. Xəzər İsayev hazırda Gömrük Komitəsinin “İdman Sağlamlıq Mərkəzi” nin baş direktorudur.

Hacı Əliyev

Üçqat dünya və Avropa çempionu olan güləşçimiz Hacı Əliyev də Dövlət Sərhəd Xidmətinin zabitidir. 2019-cu ilin avqustunda baş leytenant rütbəsi alan idmançımız, bu ilin aprelindən etibarən DSX-nın kapitanıdır.  

Rəsul Cunayev

Olimpiya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşi üzrə dünya dünya çempionu Rəsul Cunayev 2015-ci ildən etibarən Dövlət Sərhəd Xidmətində çalışır. O, 2018-ci ilin avqustunda baş leytenant rütbəsini alıb. 2022-ci ilin iyulun 8-də isə Cunayevə kapitan rütbəsi verilib.

Zemfira Meftahəddinova

2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qızıl, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı olan Zemfira Meftahəddinova hazırda Milli Olimpiya Federasiyasının vitse-prezidenti postunu da tutur. Stend atıcılığı ilə məşğul olan Zemfira xanım həm də 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır. 

Zülfiyyə Hüseynova

Cüdo üzrə doqquzqat dünya çempionu olan Zülfiyyə Hüseynova da vəzifədə çalışan idmançılarımızdandır. O, hazırda Bakı şəhər Baş Gömrük İdarəsinin qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində çalışır.

Eduard Məmmədov

“Ağ canavar” ləqəbli Eduard Məmmədov kikboks üzrə 26 qat dünya çempionu, 7 qat Avropa çempionudur. Əməkdar idman ustası, əməkdar məşqçi olan idmançı Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisidir. Məşhur idmançı hazırda Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisi, Daxili İşlər Nazirliyinin “DİNAMO” İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində çalışır. Rübtəsi polis polkovnik-leytenantıdır.

Mövlud Mirəliyev

Cüdo üzrə Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı, eyni zamanda sambo üzrə ikiqat Avropa və dünya Çempionudur. Mövlud Mirəliyev də Daxili İşlər Nazirliyində çalışır. O, polis mayoru rütbəsinə sahibdir.

Rafael Ağayev

Karatenin “brilliantı”, Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu olan idmançımız bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin mayoru R. Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.

Vitali Rəhimov

2008-ci il Pekin Olimpiadasında gümüş medal qazansa da, sonradan dopinqə görə ikinciliyi əlindən alınıb. Vitali Rəhimov Vergilər Nazirliyinin zabitidir. 


Abunəlik