Bu gün Qaradağlı faciəsinin ildönümüdür
Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib
Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Ermənilər ölənləri silos quyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycanlı kəndi idi. Sovet hakimmiyyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi,Xanlıq və Bəhrəmli adlı azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törətmişdilər. Belə bir təxribat 1967-ci ildə olmuşdur. Həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə böhtan ataraq onları həbs etdirmişdilər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq erməni quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların üstlərinə benzin töküb yandırmışlar.