Alkoqollu içkilər xərçəng yaradır – XƏBƏRDARLIQ
İsveç alimləri sağlamlığa və uzunömürlü olmağa mane olan amillərlə bağlı araşdırma aparıb. Onlar Danimarka, Finlandiya və İsveçdə spirtli içki qəbul edən 1,1 milyondan çox şəxsin ömür uzunluğunu təhlil ediblər. Alimlər müntəzəm olaraq spirtli içki qəbul edənlərdə ömür müddətinin 24-28 il daha qısa olduğunu müəyyən edib.
ABŞ-da yerləşən Mayo klinikası bildirir ki, mütəxəssislərin sözlərinə görə, spirtli içki yalnız ömrü qısaltmır, eyni zamanda sağlamlığın keyfiyyətinə də təsir göstərir. Onların daimi qəbulu bədənin bütün sistemlərinə zərbə vurur.
Ekspertlər qeyd edir ki, əgər insan istifadə etdiyi spirtli içkilərin miqdarını məhdudlaşdıra bilmirsə, hobbi və əyləncələrdən alkoqola görə imtina edirsə və ya adət edilmiş gündəlik vəzifələrin öhdəsindən gəlməyi dayandırırsa, bu halda həyəcan təbili çalmağa dəyər.
Qlazqo Universitetinin alimləri İngiltərədəki 300 mindən çox insanın sağlamlıq göstəricilərini təhlil edib. Alkoqoldan istifadə edən şəxslərin spirtli içki içməyən insanlarla müqayisədə 30 faiz daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi ortaya çıxıb.
Onlar hesab edir ki, alkoqolun tamamilə rədd edilməsi sağlamlıq üçün daha faydalıdır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də məsuliyyətsiz və həddindən artıq səviyyədə spirtli içkilərdən istifadənin hər il milyonlarla insanın həyatına son qoyduğunu qeyd edərək bildirir ki, qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında birbaşa əlaqə var.
AZƏRTAC