Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əlirza oğlu Əliyevdir. Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, AXC-Müsavat cütlüyü hakimiyyətinin Heydər Əliyevi Naxçıvanın rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu öndərə olan xalq sevgisinin bir daha şahidi oldu.
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu gün
ü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni Ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir. Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.