Bakıda yaşayış binasına ilanlar daraşdı – Sakinlər təşviş içindədir

Baxılıb:139
Bakıda yaşayış binasına ilanlar daraşdı – Sakinlər təşviş içindədir

Xətai rayonu ərazisində bir bina var ki, onun həyətyanı sahəsi ilanlara məskən olub. Ərazidə yaşayan sakinlər bundan ciddi şəkildə qorxuya düşüblər. Onlar həyətdə rahat gəzə bilmədiklərini deyirlər.

Aztimes.az  xəbər verir ki, bura paytaxtın Xətai rayonunda General Şıxlinski küçəsi 38-dir.

Bina sakinlərinin sözlərinə görə, artıq bir müddətdir binaların bağ sahələrində çox sayda ilana rast gəlinir. Bu da haqlı olaraq onları narahat edir.

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan “Xəzər Xəbər”ə bildirilib ki, ilanlar insanlar üçün təhlükəli olsa da, onları kütləvi şəkildə məhv etmək olmaz.

Təvəkkül İsgəndərovun sözlərinə görə, ümumiyyətlə ilanlarla bağlı hər hansı tədbir görəcək qurum yoxdur və bunun yaradılması mütləqdir. Bununla belə, ilanlar qoxuya qarşı həssas heyvanlar olduğu üçün onların çox rast gəlindiyi ərazilərə kəskin qoxulu maddələr səpilə bilər.

İlanlarla mübarizədə ən effektiv maddə kükürd hesab olunur. Hazırda bazarlarda kükürdün bir kiloqramı 5 manata təklif olunur.

Həkimlər isə deyirlər ki, bəzən ilan sancan insana düzgün ilkin tibbi yardım göstərilmir və nəticədə ölüm qaçılmaz olur. İlan sancan insana öncə çoxlu maye verilməlidir, sancılan yerdən bir qədər yuxarı hissəyə tez-tez yerini dəyişməklə sarğılar, sancılan hissənin üzərinə isə buz qoyulmalıdır və təcili zərdab vurulması üçün həkimə müraciət edilməlidir.


Abunəlik