Heç kim istəməz ki, qonşu evdə yanğın baş versin- Elman Nəsirovla MÜSAHİBƏ

Baxılıb:98
Heç kim istəməz ki, qonşu evdə yanğın baş versin- Elman Nəsirovla MÜSAHİBƏ

AzTimes.az-ın qonağı  Millət vəkili,  Azərbaycan Resublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının siyasi araşdırma institunun direktoru  Elman Nəsirovdur. 

-Regionda təhlükəli proseslər gedir. Mövzu İranla bağlı olaylardır. Bu prosesin sonunu necə görürsünüz?

-ABŞ- İran münasibətləri çox  mübahisəli münasibətlərdir. Düşmən münasibətlər kimi xarakterizə olunmalıdır. 2015-ci ildə İranın “Nüvə Proqramı ” ilə bağlı   bir razılaşma əldə edildi. Almaniya, İngiltərə, Rusiya və hətta ABŞ belə bu razılaşmada iştirak etdi. Lakin D.Tramp hakimiyyətə gəldikdən sonra  bu müqaviləni Amerika tarixində qəbuledilməz, hətta rüsvayçı bir müqavilə kimi dəyərləndirdi.  Elə o zaman bir çoxlarında belə bir inam hasil olmuşdu ki, qarşıda Tehran-Vaşinqton qarşıdurması qaçılmazdır.  Bütün bu yanaşmalar özünü təstiqlədi.  Kənardan müşahidə olunduğunda belə qənaətə gəlmək olar ki, gərginlik başlaması üçün bir bəhanə lazım idi  .  Buna səbəb isə iki dövlətin strateji maraqlarının  toqquşmasıdır. ABŞ İranı  beynəlxalq terrorizmi himayədə,dəstəkləməkdə, ABŞ-ın regiondakı müttəfiqlərinə təhlükə yaratmaqda, xüsusilə də  İzraili hədəfə almaqda ittiham edirdi. Bundan başqa Vaşinqton İranın nüvə silahından imtina etməsinə inanmırdı. Eyni zamanda Tehran da heç zaman ABŞ-a etibar etməyib.  İran bilirdi ki, ona qarşı hər an təyziq tətbiq edilə bilər. Hətta İran ekspertləri öz yazılarında qeyd edirdilər ki, ABŞ-ın dünya üzərində təqribən 760-dan çox hərbi bazası var. Bütün dünya ölkələrinin hərbi büdcəsi 1,4 trilyon dollar təşkil etdiyi halda ABŞ-ın hərbi büdcəsi təkcə 2019-cu il üçün 719 mlrd təşkil edib .Bu isə bütün dünya ölkələrinin hərbə ayıdığı ümumi büdcənin  təqribən yarısı  deməkdir. 2015-ci ildən bu yana sabitliyin qorunmasına baxmayaraq hər iki tərəfin bir-birinə etimadsızlığı daim sezilirdi. Bu süni sakitliyi isə İran İslam İnqilabı Keşikçilər Korpusunun rəhbərlərindən biri olan Süleymaninin hədəfə alınması pozdu. Hal-hazırda münasibətlər özünün ən ağır və mürəkkəb dövrünə daxil olub.  Vəziyyət o qədər gərginləşib ki, media  və sosial şəbəkələrdə ard-arda bəyanatlar səsləndirən tərəflər planlarını açıqlamaqdan belə çəkinmirlər. Məsələn : D.Tramp şəxsi tvitter hesabında İranın 52 mövqeyini bombardman edəcəyini bəyan edib. İran isə öz növbəsində ABŞ-a məxsus strateji obyektlərin siyahısını tutduğunu bildirib.

-Artıq İran  ABŞ-ın İraqda yerləşən iki hərbi bazasını bombaladı  və əməliyyatı “Şəhid Süleymani” əməliyyatı adlandırdı. Əməliyyat nə ilə nəticələnəcək?

–  İran bəyan etimişdi ki, biz qisası alacağıq. Bu özünü gözlətmədi. Nəticədə ABŞ xeyli əsgər itkisi ilə üz-üzə qaldı. Demək olar ki, hər iki tərəf qırmızı xətti keçdi. Hesab edirəm ki, bu təkcə region üçün deyil, dünya üçün olduqca təhlükəli tendensiyadır. Artıq Almaniya, İngiltərə, İtaliya və Aİ (Avropa İttifaqı) rəhbərliyi məsələ ilə bağlı birgə bəyanat qəbul edib. İzraildə isə bütün silahlı qüvvələrin  tam döyüş hazırlığına gətirilməsi ilə bağlı  mediada məlumatlar yayılır. İran isə əsla geri çəkilməyəcək, öz dövlətçilik maraqlarını sona qədər qoruyacağını deyir.

-Bəs Rusiya necə, susqunluğunu qoruyur?

– Rusiya hal-hazırkı vəziyyətdə ABŞ-ı ittiham edir , ABŞ-ın bu addımının beynəlxalq  hüquqi prinsiplərə zidd olduğunu düşünür.  Zorakı yolu  ABŞ-ın seçdiyini, İranın yalnız özünü müdafiə etmək məqsədi ilə hərəkət etdiyini bildirir.  Burda da çox təhlükəli bir   vəziyyətin əsası qoyulur. Tərəflər bir-birinə qarşı amansız mövqe seçiblər.  ABŞ dünyanın hegemon dövlətidir. Lakin qəbul etmək lazımdır ki, İran regionun  fövqəl dövlətidir. İran nə Suriya ,  nə Əfqanıstan , nə də İraq deyil. İranın 80 milyondan çox əhalisi var. İranın “Şahab-1”, “Şahab-2”, “Şahab-3”  yaxın və uzaqmənzilli raketləri var.  ABŞ-a çatmasa belə onun müttəfiqlərinə  çatmaq iqtidarındadır. ABŞ-ın İraq və.s. ərazilərdəki bazalarını vurmağa qadirdir.  Hal-hazırda BMT-nin üzərinə çox böyük yük düşür. BMT kənar müşahidəçi statusunda qalmamalı, dərhal müdaxilə etməli, Təhlükəsizlik Şurasının iclası toplanmalı və bu gərginliyin aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılmalıdır.

– Baş verənlərin Azərbaycana təsiri nə olacaq?

– Hesab edirəm ki, problemin Azərbaycana təsirindən daha çox Ermənistana təsirindən danışmalıyıq. Nəzərə alsaq ki, Ermənistan öz  işğalçılıq siyasəti ucbatından blokadadır, onun ancaq İranla və Gürcüstanla sərhədləri açıqdır. Belə demək olarsa  Ermənistan üçün nəfəslik rolunu oynayan bircə çıxış  İrandır. Ermənistan geosiyasi məsələ ucbatından İran sərhəddinin də bağlanmasına hazır olmalıdır. İranla vəziyyət gərginləşdikcə bundan ən çox əziyyət çəkən Ermənistan olacaq.

Azərbaycana gəldikdə, nəzərə almalıyıq ki, bizim Cənubi Azərbaycanda 40 milyona yaxın soydaşımız var. Məlum Türkmənçay və Gülüstan müqavilələrinin fəsadıdır ki, onlar neçə əsrdir  İranın boyunduruğunda yaşamağa məhkumdurlar.   İranda vəziyyətin gərginləşməsi Azərbaycan  üçün çoxminlik qaçqın ordusu deməkdir. Heç kim istəməz ki, qonşu evdə yanğın baş versin. Azərbaycan hər daim sülhsevər dövlət olaraq ABŞ-la İran arasında olan bu gərginliyin  dinc yolla həlli tərəfdarıdır. Bir məsələni  xüsusilə qeyd edim ki, hadisələrin cərəyanı neft bazarına da təsirsiz ötüşməyib. Belə ki, neftin bir barelinin qiyməti 80 dollara qədər qalxıb. Bu da dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Bütün bunlara baxmayaraq Azərbaycan  qonşu dövlət olan və hər dövrdə diplomatik  əlaqələrdə , qonşuluq mövqeyini  stabil saxlayan İrana qarşı qara piyarın tam əleyhinədir.

– 2019-cu il Azərbaycanda islahatlar ili kimi tarixə düşdü. Bu islahatların nəticələri nə oldu və 2020-ci ildə bəhrələri nə olacaq?

-Tam doğru buyurdunuz.  2019-cu il yaddaşlara  dərin islahatlar ili kimi həkk olundu. Əslində 2018-ci il 11 aprel prezident seçkiləri zamanı andiçmə mərasimində cənab prezident İlham Əliyevin geniş  nitqi oldu. O nitqi izləsəniz şahidi olacaqsınız ki, 2019-cu ildə baş tutan  islahatlar planlı şəkildə həyata keçirilib. Elə prezidentin ilk sərəncamı şəhid ailələrinə   vəsaitin ödənilməsi ilə bağlı oldu. Onlarla 2019-cu ildə  görüşdən sonra isə   birinci sərəncamda    qeyd olunmayan  şəxslər də  (polis nəfərləri, hərbi qulluqçular)  nəzərə alındı. Eyni zamanda prezident qaçqın və məcburi köçkünlər, şəhid ailələri müharibə iştirakçılarına xüsusi diqqət və qayğının göstərilməsi istiqamətində  daim tapşırıqlar verdi. Əsas islahatlar  iki mühim paketlə reallaşdırıldı. Bunun nəticəsində 4200000 nəfər əhatə olundu. Nəticədə Azərbaycanda minimum əmək haqqı təxminən 100%, müavinətlər isə 70% – dən çox qalxmış oldu. Təqüdlərin artımına görə Azərbaycan MDB məkanında birinci yerə, orta pensiya səviyyəsinə görə üçüncü yerdə qərarlaşdı.  Prezident dəfələrlə öz çıxışında söyləyib ki,  bizim siyasətimizin mərkəzində xalqa xidmət, onun rifahının yüksəldilməsi, problemlərinin həlli dayanır. Ona görə də 2020-ci ilə bu kontekstdə qiymət vermək lazımdır. 2020-ci ilin büdcəsinə gəlincə isə bizim büdcə gəlirləri 21.1 milyard manatdır. Büdcə xərcləri isə  26.9 milyard manatı təşkil edir.  Bu büdcənin təxminən 39% i sosial yönümlüdür. Xalqın sosial  rifahı üçün nəzərdə tutulub.  2019-cu ildə ilin yekunlarına görə  gömrük və vergi sistemindən  əlavə 1 milyard manat vəsait toplanıb ki,  bu da sırf əhalinin rifahına sərf olunub. 300000-dən artıq məcburi köçkün evlə təmin edilib.   Müharibə veteranlarının böyük əksərinə avtomabil verilib. Bu gün məcburi köçkünlər üçün 103 böyük şəhərcik tikilir.  Azərbaycan  strateji planlaşma səviyyəsinə görə dünyada onuncu, hökümətin islahata meyillilik səviyyəsinə görə beşinci yerdə dayanır. Bu baxımdan 2019cu ili uğurlu və məhsuldar il hesab etmək olar. Bu baza ilə biz 2020-ci ilə daxil oluruq. Bu il isə minimum əmək haqları, təqaüdlərin artırılması, uşaq pulu məsələsi yenə gündəmdə olacaq və müsbət yönümdə addımlar atılacağı planlaşdırılır.

-9 fevral  növbədənkənar parlament seçkiləridir. Başqa illərdən fərqli olaraq bu il gənclər üstünlük təşkil edir.  Kütləvi namizədliyə necə baxırsınız?  Bu sizi qorxutmur ki?

-Müəyyən bir kütlə arasında keçirdiyimiz sorğulardan belə nəticəyə gəlmək olar ki,  buraxılan parlamentdən əksəriyyət narazı idi. Hətta  bəzi sorğu iştirakçıları deyirdilər ki, biz öz deputatımızı ilk və son dəfə təbliğat-təşviqat üçün ayrılmış lövhələrə vurulan fotolarda görmüşük. Bu o demək deyilmi ki, o seçicilər yeni simalar, yeni fikirli millət vəkilləri görmək istəyir? Bu sizi tərəddüddə qoymur ki?

– Mən sizin fikrinizlə razı deyiləm. Bir neçə deputata görə bütün parlament pisdir demək doğru deyil. Bax siz jurnalistsiniz.  Bir neçə reket jurnalistə görə “bütün jurnalistlər pisdir” desələr sizə necə təsir edər? Mən hesab  edirəm ki, siz öz funksiyanızı yerinə yetirirsiniz.  Adınızın hər hansı neqativdə hallanması haqda heç nə eşitməmişəm, deməli işinizi laiqincə yerinə yetirirsiniz. Amma  qara işlərdə adı hallanan jurnalistlər var.  Son nəticədə onlar cəzalarını alırlar. Onu sözünə görə yox, əməlinə,reketlik fəaliyyətinə görə həbs edirlər.  Onlar da özlərini sonra siyasi məhbus adlandırırlar. Bütün bunlardan məlumatlıyam. Mən bu aspektdən yanaşaraq ” Bütün jurnalistlər reketdir ” desəm  sizə xoş olmaz eləmi? Ona görə də işini , vəzifəsini  vicdanla həyata keçirə bilməyən deputatlar barədə tutlarlı faktlarla çıxış etmək, onları ifşa etmək lazımdır. Amma bunu bütün millət vəkilləri heç bir işlə məşğul olmur, onlar yararsızdır deyərək hamısının ayağına yazmaq olmaz. 9 fevral unikal şansdır. Kimdən narazıdırlarsa, kimi bəyənməyiblərsə çox gözəl imkan və şans var ki, ona etimad göstərməsinlər. Deputat ağzına su alaraq heç nə danışmırsa, ölkədə və ölkədən kənarda baş verən proseslərə  fikir bildirmirsə , mövqeyi yoxdursa demək ki, yalnış seçim olub. Parlament sözünün mənası dilimizə tərcümədə ” danışmaq” deməkdir. Danışa bilməyən biri başqa işlə məşğul olmalıdır.

– Siz hansı ərazidən seçilmişdiniz?

-89 saylı Göyçay-Ağdaş seçki dairəsindən millət vəkili olmuşam.

-İnanın səmimiyyətimə-ilk dəfədir eşidirəm.Seçicilərlə görüşürdüz?

-Hər ay. Hər ay görüşürdüm. Həm Göyçay, həm  Ağdaş rayonlarında mütəmadi görüşlər təşkil edirdik. Qəbula gələn heç kəsi geri qaytarmamışam. Mən tək öz dairəm üzrə yox, kim mənə pənah getirərək qəbula gəlibsə nəzakətlə qarşılayıb gücüm çatan dəstəyi vermişəm. İndi YAP xətti ilə  68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədliyim irəli sürülüb. 

– Proses necə gedir ?

Çox gözəl. Mən cəlilabadlı olduğum üçün  daha asan oldu. İmza çox rahatlıqla tolandı. Cəlilabad əhalisinin mənə böyük rəğbəti var . Bunu mən yox, onlar özləri deyir ki, biz səninlə fəxr edirik.

– Rəqiblərinizi tanıyırsınızmı?

-Yox tanımıram.

-Onda sizə “Özünüzə güclü rəqib kimi görürsünüz?” sualını vermək yersiz olar.

-Mən onları tanımıram. Onlar məni tanıyırlar. Amma eşitdiyimə görə onların içərisində yetərincə dəyərli, savadlı   şəxslər var.  Sadə, ali təhsili olmayan vətəndaşlar da namizədliyini irəli sürüb. Bu onların kostision hüququdur. Baxmayaraq ki, namizədəm mən kim layiqlidir o seçilsin arzu edirəm. Əsas güc xalqdır.  Biznesmenə , həkimə ya müəllimə səs vemək lazım olduğunu xalq özü qərarlaşdıracaq.Mən bu dövlətin siyasətinin dəstəkçisiyəm.  Hər zaman istər beynəlxalq , istərsə də  ölkə daxilində gedən proseslərə biganə qalmadan fikir bildirmişəm. Ən çox müxalifət  tərəfindən tənqidlərə məruz qalan , ən çox media ələşdirilərinə tuş gələn  millət vəkiliyəm. Amma ən azından millət vəkili olduğum müddətdə susqun qalmadan proseslərə reaksiya bildirmişəm.  Seçicilərimi tanımışam, problemləri ilə maraqlanmışam, tanış olmuşam. 

-Bizə zaman ayırdığınız üçün sizə minnətdarıq, işinizdə uğurlar arzulayırıq.

– Siz də sağ olun.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir