Məktəblə bağlı suala” Məzuniyyətdəyəm” dedi- rayon tədbirlərində iştirak etdi

Baxılıb:623
Məktəblə bağlı suala” Məzuniyyətdəyəm” dedi- rayon tədbirlərində iştirak etdi

Masallıda şərəfli peşə adına ləkə gətirənlər, onları müdafiə edənlər kimlərdir? – Jurnalistdən icra başçısına açıq məktub

Ötən həftə həhbəri olduğum “Aztimes.az” xəbər portalına Masallı sakinlərindən tükürpədici ŞİKAYƏT məktubu daxil olmuşdu. Məktubda şəhər məktəblərindən birində qadın müəllimin öz şagirdi ilə eşq yaşamasından, texniki işçi olan 42 yaşlı digər qadın müəllimin 23 yaşlı hərbiçiyə qoşulub qaçmasından, başqa bir qadın müəllimin isə uzun illərdir rayonda idarə müdirlərinin biri ilə sevgili olmasından yazılmışdı. Bu azmış kimi bizə rayonun digər kənd məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş, rüsvayçı videosuna görə məktəbdən uzaqlaşdırılan ötən həftə isə yenidən məhkəmə qərarı ilə məktəbə qaytarılan bir müəllimdən də yazılmışdı.

Redaksiyamıza daxil olan məktub əsasında xoşagəlməz ittihamları araşdırmağa çalışdıq. Məktubda yazılanların həqiqət olub-olmamasını dəqiqləşdirmək üçün Masallı Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovla əlaqə saxladıq. İdarə müdiri sualımıza “biraz sonra sizinlə əlaqə saxlayacağıq, indi İcra Hakimiyyətində iclasdayam” – deyib, telefonu üzümüzə söndürdü. Tariyel Əkbərovun bizimlə təkrar əlaqə saxlamadığını gördükdən sonra məsələ ilə bağlı “Aztimes.az”-ın əməkdaşı Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə əlaqə saxladı.

Aybəniz Qafarova isə məzuniyyətdə olduğunu bildirərək sualımıza cavab verə bilməyəcəyini bildirib, telefonu söndürüb.

Əldə etdiyimiz məlumata görə Aybəniz xanım məzuniyyətdə deyil, işinin başında olub. Buna sübut kimi Aybəniz xanımın həmin gün Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində sünnət aksiyası tədbirində, bir gün sonra İcra Hakimiyyəti tərəfindən verilən iftar süfrəsində iştirak etməsini göstərən fotolar Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alıb.

Əldə etdiyimiz digər məlumata görə Masallı Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovla telefon əlaqəmizdən həmən sonra mətbuata sızan xəbərləri ört-basdır etmək, şikayətçi valideyinləri sakitləşdirmək üçün sözügedən məktəbə “komissiya” göndərib. Adları əxlaqsız hərəkətlərlə hallanan müəllimlərə tapşırılıb ki, müvəqqəti olaraq məktəbə getməsinlər.

Görünən odur ki, rayon sakinlərinin redaksiyamıza ünvanladığı məktubda yazılan məlumatlar həqiqətdir, belə olmasaydı Aybəniz xanım sorğumuza cavab verməkdən niyə yayınsın ki?! Biz burdan öz növbəmizdə Aybəniz xanıma Kütləvi İnformasiya Vasitələrinin sorğularına cavab verməli olduğunu onun vəzifə borcu olmasını nəzərinə çatdırmaq istəyirik..

Maddə 1. Qanunun məqsədi.Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir.
Maddə 2. İnformasiya əldə etmək azadlığı 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

Hörmətli Aybəniz xanım hər bir Azərbaycan vətəndaşı kimi siz də Azərbyacan Dövləti adından Kütləvi İnformasiya Vasitələri haqqında qəbul olunan qanunlara hörmətlə yanaşmalı olduğunuzu unutmayın!

Sözümüz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovadır. Hörmətli başçı, bizdə olan məlumata əsasən siz etik davranışlara diqqət edən birisiniz. Xüsusilə şəhid ailələrinə, qazilərə göstərdiyiniz qayğıdan hər kəs ağız dolusu danışır. Bəs, rəhbəri olduğunuz rayonda belə əxlaqsız hərəkətlər baş verməsini nə əcəb indiyə kimi duymamısınız? Məlumatımıza görə əxlaqsız videosu yayılan müəllimlə bağlı öz iradınızı bildirmisiniz. Amma, Masallı məhkəməsinin sədri Firdovsi Əliyev belə bir yaramazı yenidən bədbəxt gününə qalan təhsilimizə qaytardı.
Tariyel Əkbərovu da bu və digər hərəkətlərinə görə bir dəfə yaxşı cəzalandırmağınızdan xəbərdarıq. Amma görünən odur ki, qoz belini qəbir düzəldər.

Aybəniz Qafarovaya gəlincə, biz məktəblərdə baş verən tərbiyəsiz müəllimlərlə bağlı ona sual ünvanlamışdıq. O keçmiş müəllim, məktəb direktoru, hazırda isə sizin müavininizdir. Hər şeydən əvvəl isə anadır, qadındır. Belə həssas məsələlər ilk növbədə onu narahat etməli idi. Amma..
Amması çoxdur, cənab Şahin Məmmədov! Ümid edirik, tezliklə müəllm adına xələl gətirənlər, onları himayə edərək media münayəndələrinə yalan danışanlar tərəfinizdən layiqli cəzalandırılaraq, saytımıza bu barədə ətraflı məlumat veriləcək.
Hörmətlə: Pərvin Abışova,
“Aztimes.az” xəbər portalının baş redaktoru


Abunəlik