Bahar Muradova “Saray” uşaq evləri şəhərciyini ziyarət etdi -FOTOLAR

Baxılıb:344
Bahar Muradova “Saray” uşaq evləri şəhərciyini ziyarət etdi -FOTOLAR

AzTimes.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ankarada fəaliyyət göstərən “Saray” uşaq evləri şəhərciyində olub.
İnternat tipli bu mərkəzdə 13-18 yaşlarında olmaqla 273 yetim uşaq yaşayır, təhsil və tərbiyə alır. Onlara ümumilikdə 195 nəfərlik heyət xidmət edir. Mərkəz dövlət tərəfindən ideal şəkildə təchiz olunur. Uşaqların təlim-tərbiyəsi ilə yanaşı müxtəlif sənətə sahib olması, idman, incəsənət üçün bütün şərait vardır.
Şəhərcikdə bədii proqram təşkil olunub. Uşaqlar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən zəngin bədii proqramla çıxış ediblər.
Komitə sədri Bahar Muradova və Türkiyə Ailə və Sosial Xidmətlər nazirinin müavini Kübra Gürhan Yığıtbaşı uşaqlar qarşısında çıxışlarında onların layiqli, təhsilli vətəndaş olması üçün hər zaman dövlətin dəstək verəcəyini, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini ifadə ediblər.
Komitə sədri Azərbaycanda internat tipli məktəblərə göstərilən dövlət qayğısından danışıb, iki qardaş ölkənin uşaqları arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
“Saray” uşaq evləri şəhərciyindəki tədris, təlim və yaşayış yerləri ilə tanışlıq olub.
Xatırladaq ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Səfərin məqsədi qarşılıqlı təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdir.
Səfər aprelin 22-də davam edəcək.


Abunəlik