Qəbələnin Vəndam qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində, dekabrın 25-də Qəbələ rayonunun Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilmiş 360 şagird yerlik yeni tədris binası qapılarını şagirdlərin üzünə açıb.
Bu münasibətlə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir və mərasim iştirakçıları binada yaradılmış şəraitlə yaxından tanış olublar.
Bildirilib ki, ikimərtəbəli, 360 şagird yerlik yeni məktəb binasında 15 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, tibb, kompüter, texnologiya otaqları, 162 yerlik akt zalı, 100 yerlik yeməkxana, kitabxana, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.
Hazırda məktəbdə 360 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində məktəbi bitirən məzunlardan 14 nəfər ali məktəblərə qəbul edilib.
Məktəblə tanışlıqdan sonra Təhsil naziri Ceyhun Bayramov məktəbin akt zalında gənc müəllimlərlə görüşüb.