“Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğurdur”
“Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib və onları qələbə münasibətilə təbrik edib. Şübhəsiz ki, idmançılarımızın qazandığı uğurlar xalqımızı qürurlandırdı. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdılar”.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğurdur. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, hər birimiz üçün böyük sevinc və fərəhdir.
Millət vəkili fikilərinin davamı olaraq vurğuladı ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir. Bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Tamam Cəfərova qeyd edib ki, vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə edilməlidir. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.
Azərbaycan əsgəri Vətən müharibəsi dövründə döyüş meydanında düşmənə layiqli cavab verməklə yanaşı yeri gələndə məğlub olan düşmənə qarşıı mərhəmət nümayiş etdirməklə Azərbayycan xalqının humanizm və dəyərlərini bütün dünyaya nümayiş etdirdi. Eyni yanaşmanı idmançılarımızda da müşahidə etmək xüsusilə qürurvericidir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etmişik.
Cənab Prezident İlham Əliyev idmançıları qəbul edərkən bir məqamı xüsusi vurğulayıb: “Qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.”
Bir daha milli komandamızı qələbə münasibətilə təbrik edir, gələvək fəaliyyətlərində uğurlar arzulayıram.”
Bunları millət vəkili Tamam Cəfərova AzTimes.az- a danışıb.