İDDİA:Ağcabədi rayonu Ü.Hacıbəyli adına uşaq incəsənət məktəbində özbaşınalıq və şantajı adi hala çevirən kimdir?- VİDEO

Baxılıb:1289
İDDİA:Ağcabədi rayonu Ü.Hacıbəyli adına uşaq incəsənət məktəbində özbaşınalıq və şantajı adi hala çevirən kimdir?- VİDEO

Ağcabədi  rayon sakini Malışova Sevda Lətif qızı tərəfindən AzTime.az saytına ünvanlanmış Ə R İ Z Ə də deyilir :
“Mən Malışova Sevda Lətif qızı 1997-ci ildən Ağcabədi rayon Ü.Hacıbəyli adına İncəsənət məktəbinin direktoru vəzifəsində çalışmışam. Direktor olduğum müddətdə heç bir nöqsana yol verməmişəm. Bu ilin sentyabr ayında heç bir səbəb olmadan, Regional Mədəniyyət idarəsinin yeni rəisi, Həsənov Qalib Şamil oğlunun birbaşa göstərişi ilə vəzifədən azad edilmişəm. Pozulmuş hüquqlarımın bərpası üçün Dövlət Əmək Müfəttişliyinə və Ağcabədi rayon məhkəməsinə müraciət etmişəm. Əmək Müfəttişliyi məsələ ilə bağlı qərarını mənim xeyrimə verib. İdarə rəisi Həsənov Qalib barədə inzibati  xəta törətdiyinə görə protokol tərtib edilib.
Aztimes.az xəbər saytına müraciət edərək bu məsələni işıqlandırmağı xahiş edirəm.”
Sevda Malışovanın iddiasına görə Ağcabədi rayonunda fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbində özbaşınalıq və şantaj adi hala çevrilib. Əvvəllər vətənimizi xarici ölkələrdə uğurla təmsil edən tədris ocağının adı bu günlərdə yalnız qalmaqallarla xatırlanır. İncəsənət məktəbinin dedi-qodu ocağına çevrilməsinin əsas səbəbkarı regional mədəniyyət idarəsinin rəisi, Həsənov Qalib Şamil oğlunun vicdanına yazılmalıdır.
Bir vaxtlar rayonun sayılıb-seçilən tədris ocağı olan şəhər İncəsənət məktəbi peşəkar pedaqoq, əməkdar mədəniyyət işçisi Malışova Sevda Lətif qızının rəhbərliyi ilə adından söz etdirmişdi. Məktəbin tarixinə 25 illik direktor olaraq düşən Sevda müəllimə ləyaqətli və vicdanlı bir kadr kimi müxtəlif uğurlara imza atıb. Onun zamanında məktəb 250-dən çox diplom və müxtəlif sayda kuboklar, medallar və başqa mükafatlara layiq görülüb. Dahi bəstəkarımızın adını daşıyan məktəbin əks sədası hətta xarici ölkələrdən də gəlirdi. Beynəlxalq yarışlarda iştirak edən şagirdlər dəfələrlə qran pri mükafatları ilə təltif edilib. Lakin məktəbin bu uğurları Sevda müəllimənin postundan haqsız yerə uzaqlaşdırılması ilə tarixə qovuşub. Direktorluqdan uzaqlaşdırılan Sevda müəlliməni müəmmalı olaraq həmin məktəbdə çalışan, səriştəsiz bir işçi əvəz edir. İş fəaliyyəti ərzində heç bir xüsusi postu tutmayan, idarəçilik qabiliyyəti olmayan, sıravi fotrepiano müəlliməsi Hüseynova Hədiyyə Yaqub qızı direktor vəzifəsinə təyinat alır. Təyinat bir başa mədəniyyət idarəsinin rəisi Həsənov Qalibin təşəbüsü ilə həyata keçirilir. Göründüyü kimi yoldaş Həsənov fortepiano müəlliməsinə havadarlıq və hamilik edir. O müəlliməyə ki, fəaliyyəti ərzində xüsusi bir şey ilə seçilməyib, sagirdlərindən bir nəfəri belə müxtəlif yarışlarda iştirak etməyib. İşlədiyi müddət ərzində yalnız səriştəsizlik və işinə laqeyd münasibət ilə seçilib. Kollektiv arasında heç bir nüfuzu olmayan birinin, 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən əməkdar mədəniyyət içşisi adına layiq görülən peşəkar kadr ilə əvəzlənməsi suallar doğurmaya bilməz. Bu məqamda dövlət məmurunun peşə etikasına sığmayan davranışları da qeyd edilməlidir. Mədəniyyət idarəsinin rəisi Həsənov Qalib hətta prezident fərmanlarını da məsxərəyə qoyacaq qədər irəli gedib. O, dəfələrlə Sevda müəllimənin fəxri fərmanlarına və mükafatlarına qarşı aşağılayıcı tənələr ilə yanaşıb. Onları şübhə altına alıb. Şər böhtan xarakterli, dövlət məmuruna, peşəkar idarəçiyə yaraşmayan hərəkətlər edib. 7 aydan artıqdır ki, idarə rəisi olan yoldaş Həsənov tabeçiliyində olan məktəblərə qarşı qeyri-peşəkar davranır. Yeni rəis tabeçiliyində olan təhsil ocaqlarının mövcud vəziyyəti ilə, tədris prosesi ilə qətiyyən maraqlanmır. Bir tək şəhər İncəsənət məktəbi nədənsə, xüsusi nəzarət altında saxlanılır.Üç aydan çoxdur ki, Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbində yerli-yeriz yoxlamalar aparılır. Yoxlama aparan şəxslər heç bir səbəb olmadan şagird və müəllim heyətini kameraların yaddaşına köçürür. Hətta vəziyyət o yerə çatıb ki, məktəbin pedoqoji kollektivi qanunsuz və aşağılayıcı yoxlamalardan usanaraq hüquq mühafizə orqanlarına belə müracət edib. Mövcud təhdid və şantajlar fonunda bəzi müəllimlər intihar həddinə çatıb. İntihar həddinə çatdırılan məktəbin əməkdaşlarından biri ərizə yazaraq işdən uzaqlaşmağa məcbur olub.
Şəhər məktəbindən fərqli olaraq digər müəssisələrdə sözün əsl mənasında laqeydlik və özbaşınalıq hökm sürür. Hətta bəzi məktəblərdə nə müəllimlər gözə dəyir, nə də ki şagirdlər. Eynilə görüntülərdəki təhsil müəssisəsindəki kimi. İşin maraqlı tərəfi odur ki, bu məktəblərə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Burda çalışan kollektiv işə gəlməyə-gəlməyə əmək haqqı alır.

Karyerası ərzində bir dəfə də olsa işində nöqsan buraxmayan, heç bir töhmət və xəbərdarlıq almayan bir mütəxəssisin müəmmalı şəkildə işdən azad olunması kollektiv arasında da narazılıq yaradıb.
Sevdiyi işindən uzaqlaşdırılan Sevda müəllimə haqlı olaraq öz hüquqlarını qorumaq üçün məhkəməyə və eyni zamanda Əmək Müfəttişliyinə müracət edib.
Qalmaqallı hadisələr, özbaşınalıq və şantaj faktları məhz bundan sonra daha da artıb.
Məhkəmədə iddia ərizəsinin geri götürməsi ücün hədələr və təhdidlər başlayıb. Həmçinin məktəbdə bəzi müəllimələr şantaj edilərək əsassız şəkildə Sevda müəllimənin uzünə durmağa təhrik edilir. Bu olaylardan sonra Həsənov Qalib heç kimin cürət etməyəcəyi bir əmələ imza atıb.

O, heç bir səlahiyyəti olmadan müəmmalı şəkildə məktəbə aid bütün jurnalları və arxiv sənədlərini götürərək avtomobilinin arxa yük yerinə yığıb və naməlum istiqamətə aparıb.
Məsələyə münasibət bildirən Əmək müfəttişliyi Həsənov Qalibi işdə buraxdığı nöqsanlara görə cəzalandırıb. İnzibati xəta törətdiyinə görə idarə rəisi haqda protokol tərtib edilib.
Lakin görünən odur ki, Regional Mədəniyyət idarəsinin rəisi Həsənov Qalibin dayanmaq fikri yoxdur. O bütün vasitələrdən, müxtəlif qanunsuz üsullardan istifadə edərək əməllərinin cəzasız qalmasına can atır. Hətta Ağcabədi məhkəməsinin sədri Etibar Quliyev ilə də əlaqə qurmağa, məhkəmədən öz xeyrinə qərar çıxarmağa can atır.
Məhkəmə iddiasının geri götürülməsi üçün Qalib Həsənov şantaj üsulunu da ustalıqla işə salıb. O tabeçiliyində olan Xocavənd, Hacıbədəlli, Hüsülü, Sarıcalı, Hindarx kənd musiqi məktəblərinin müdirlərini Sevda müəllimə ilə üz-üzə qoyub. 5 məktəbin direktorunun işdən azad olunmasına dair ərizəsini təhvil alan idarə rəisi, Sevda müəllimənin məhkəmə iddiasını geri götürməsi müqabilində ərizələri qəbul etməyəcəyini bildirib.

AzTimes.az olaraq qarşı tərəfin mövqeyini ictimailəşdirməyə hazırıq



Abunəlik