Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin B Ə Y A N A T I

Baxılıb:187
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin                                                    B Ə Y A N A T I

   
 
         
 
            Azərbaycan siyasi hakimiyyətinin ölkə müxalifətinə, onun prinsipial və ardıcıl mövqeyi ilə xüsusi seçilən, milli və ictimai maraqların təmin olunması istiqamətində həyata keçirdiyi fəaliyyətində bir an da olsun tərəddüd etməyən Vətəndaş və İnkişaf Partiyasına (VİP) və onun sədri olaraq mənə qarşı aramsız təzyiqlərinin məntiqi sonluğu bu il yanvar ayının 13-də Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun çıxardığı qanunsuz hökm əsasında 5 (beş) ay müddətinə azadlıqdan məhrum edilməyim oldu. Bildiyiniz kimi, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandıqları bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov mənim 2021-ci il dekabrın 9-da “Osmanqızı TV”  “YouTube” kanalında çıxışım zamanı həmin qəzadan sağ çıxmağın mümkünsüzlüyü haqda ehtimal üzərində səsləndirdiyim fikirlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə mənə qarşı Yasamal Rayon Məhkəməsinə  xüsusi ittiham qaydasında şikayət vermişdilər. Adları çəkilən zabitlərin mənə qarşı verdikləri şikayətin əsassız olduğuna dair hüquq istinadlı arqumentlərim, o cümlədən, hər iki şikayətin eyni motivli olduğu üçün onların vahid işdə birləşdirilməsinin məqsədəuyğunluğuna dair vəsatətim nəzərə alınmadı.  
 
2022-ci il yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə polkovnik-leytenant Emil Cəfərovun şikayəti üzrə keçirilən iclas Azərbaycanın məhkəmə-hüquq sisteminin bütün eybəcərliklərini, siyasi sifariş əsasında hökm çıxarmaq “təcrübə”sini və ən acınacaqlısı, humanizm prinsiplərinin ayaq altında tapdalandığını növbəti dəfə nümayiş etdirdi. Həmin iclasa sədrlik edən hakim Hüseyn Səfərov prosesi kobud qanun pozuntuları ilə idarə edərək, mənə və vəkillərimə öz mövqeyimizi əsaslandırmaq üçün heç bir imkan yaratmadı. Əksinə, hakim mənə və vəkillərimə münasibətdə son dərəcə qaba davranaraq, etik çərçivələri aşan ifadə və hərəkətlərə yol verdi. Onun bu davranışı artıq iclasın gedişində mənim barəmdə həbs qərarının çıxarılacağı haqda formalaşan qənaətləri daha da möhkəmləndirdi və çox təəssüf ki, gözləntilər doğruldu. Xüsusi qeyd etmək istərdim ki, iclas zamanı üzləşdiyim qeyri-adekvat münasibət səbəbindən səhhətim kəskin pisləşdi və adi vaxtlarda da əziyyət çəkdiyim qan təzyiqim həyatım üçün təhlükəli həddə qədər yüksəldi. Mənə yardım göstərilməsi üçün məhkəməyə dəvət olunan təcili tibbi yardım personalı müalicəmin xəstəxana şəraitində aparılmasının zəruriliyi haqda rəy versə də, hakim Hüseyn Səfərov həkimlərin bu xəbərdarlığına məhəl qoymadı. Bu azmış kimi, iclasın fasiləsində mənim səhhətimlə əlaqədar məhkəmə binasını qısa müddətə tərk etməyimə də imkan verilmədi. Məhkəmə binasında xidməti vəzifələrini icra edən  polis əməkdaşları bunu hakim Hüseyn Səfərovun göstərişi ilə etdiklərini bildirdilər. Fasilədən sonra davam etdirilən iclasda hakim Hüseyn Səfərov hökmü elan etməzdən əvvəl vəkillərimə çıxış, mənə isə son söz demək imkanı yaratmadı. Mənə qarşı bu təzyiqlər məhkəmə zalından birbaşa təcridxanaya aparılmağımdan sonra da davam etdirildi. Təcridxana rəhbərliyi humanizm prinsiplərini və orada saxlanılan şəxslərin müalicə hüququnu kobud şəkildə pozaraq, yüksək qan təzyiqinə qarşı müntəzəm istifadə etdiyim müvafiq dərman preparatlarının mənə  çatdırılmasına imkan verməyib.  
 Mənə qarşı yol verilən qanun pozuntuları barəmdə çıxarılmış məlum hökmdən sonra da davam etdirilib. 2022-ci il fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda sözügedən məhkəmə hökmünün qanunsuz olduğunu yenidən əsaslandırsam da, hakim Yasamal Rayon Məhkəməsinin bu il yanvarın 13-də çıxardığı hökmü qüvvədə saxladı.
 
Yuxarıda qeyd etdiyim kimi, mənə qarşı DSX-nın iki zabitinin xüsusi ittiham qaydasında şikayət verməsinə baxmayaraq, kapitan Ramin Ədilovun iddiası üzrə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilməli olan iclas Azərbaycan məhkəmə-hüquq sisteminin “tilsim”inə düşüb. Həmin şikayət əsasında bir neçə dəfə müxtəlif tarixlərə təyin olunan məhkəmə iclası hər dəfə fərqli və anlaşılmaz səbəblərə görə təxirə salınıb. O iş üzrə məhkəmə iclasının təyin olunma və təxirə salınma tarixlərinə diqqət edin:
 
2022-ci il yanvarın 13-dən fevralın 14-nə;
2022-ci il fevralın 14-dən fevralın 28-nə; 
2022-ci il fevralın 28-dən aprelin 4-nə;
2022-ci il aprelin 4-dən aprelin 22-nə.
 
             Diqqət yetirilməli olan məqam bundan ibarətdir ki, son üç halda iclasın təxirə salınması haqda özümün, vəkillərimin, o cümlədən, məhkəməyə gəlmiş ictimaiyyət nümayəndələrinin məlumat almaq imkanı olsa da, aprelin 4-nə təyin edilmiş iclasda nəinki iştirakım təmin edilməyib, prosesin təxirə salınmasına dair mənə və vəkillərimə heç bir məlumat verilməyib. Vəkillərim bu barədə yalnız Yasamal Rayon Məhkəməsində iclasın təyin olunduğu saat ərəfəsində məlumat əldə edə biliblər. Ancaq səbəbindən asılı olmayaraq, fakt bundan ibarətdir ki, mənə qarşı xüsusi ittiham qaydasında verilmiş əsassız iki şikayətdən biri üzrə  barəmdə azadlıqdan məhrum etmə haqqında qanunsuz hökm çıxarılsa da, digər şikayətin məhkəmə araşdırması qəsdən yubadılır, onu əleyhimə “Domokl qılıncı”na çevirməyə cəhd göstərilir.
 
            Əlbəttə, mən başa düşürəm ki, bu “təxirəsalma karuseli” mənə qarşı davam etdirilən siyasi və mənəvi-psixoloji təzyiqlərin tərkib hissəsidir. Bununla belə, ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirəm ki, şəxsimə yönəlik bu sayaq təzyiqlər məni prinsipial mövqeyimdən, inandığım ideallardan və çıxdığım yoldan əsla döndərə bilməz. Bu ağır və şərəfli mübarizədə məni hansı sınaqların və  təzyiqlərin gözlədiyini, hətta həbs olunacağımı hər kəsdən daha aydın bilir və görürdüm. Dövlətimizi və Millətimizi layiq olduğu hədəflərə yetişdirməyin yolu həbsxanadan keçirsə, keçsin. Bununla məni sarsıtmaq və prinsiplərimdən imtinaya məcbur etmək olmaz. Birlikdə apardığımız və aparacağımız böyük mübarizə öz məntiqi nəticəsinə varacaq. Tarixi qanunauyğunluqların qarşısını heç kim və heç nə ala bilməz!
 
Yaşasın Azərbaycan!
 
Hörmətlə,
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 


Abunəlik