Soyqırımı gününə həsr olunan dəyirmi masa yekunlaşıb- FOTOLAR
AzTimes.az xəbər verir ki, 31 mart 2022-ci il tarixində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyıb.
Tədbir soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Dəyirmi masaya moderatorluq edən Dövlət Komitəsi yanında İctimai şuranın sədri Sahib Məmmədov qonaqları salamlayaraq erməni millətçiləri tərəfindən Azərbaycanın bölgələrində törədilən bu hadisələrin Azərbaycan tarixinin ən faciəli səhifələrindən olduğunu qeyd edib. Ermənilərin uzun illər sonra da bu əməllərini davam etdirdiyini, xalqımızı terrora, soyqırımlara məruz qoyduğunu, Vətən müharibəsi zamanı hərbi cinayətlər törətdiyinə diqqət çəkib. O, uzun zaman sonra ümummilli lider Heydər Əliyev tərəfindən bu günə hüquqi qiymət verildiyini vurğulayaraq, bugünədək bu hadisələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. S. Məmmədov bu vacib təbliğat işini daha da gücləndirərək davam etdirilməsi, adıçəkilən cinayətlərə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsi üçün səylə çalışmalı olduğumuzu bildirib.
Dövlət Komitəsinin sədri Bahar Muradova tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş bu faciəli günün önəmindən bəhs edərək, belə bir tədbirin keçirilməsi təşəbbüsünü göstərdiklərinə görə ictimai şura üzvlərinə təşəkkürünü bildirib. Uzun illər Azərbaycanın işğallara, soyqırımlara məruz qaldığını, amansız cinayətlərə hədəf edildiyini vurğulayan sədr, bu hadisələrə beynəlxalq qiymətin verilmədiyini, cinayətkarla qurban arasında bərabərlik işarəsinin qoyulduğunu qeyd edib. O, Ulu öndər Heydər Əliyevin zamanında yeritdiyi siyasətin davamı olaraq Prezident İlham Əliyev Azərbaycanın inkişaf siyasətinin davamı olaraq yüzillərə söykənən məğlubiyyət sindromundan qurtulduğunu, öz imkanları daxilində əsarətə son qoyduğunu diqqətə çatdırıb. Eyni zamanda sədr bugünədək Prezident İlham Əliyevin, eləcə də Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu sahədə mühüm fəaliyyətindən bəhs edib.
O qeyd edib ki, beynəlxalq aləmdə baş verən prosesləri düzgün qiymətləndirərək, hər bir uyğun məqamda dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmalı, cinayətkar əməllərə layiq olduğu qiymət verilənədək susmamalı və siyasi-iqtisadi imkanları bir araya gətirərək mühüm addımlar atmalıyıq.
Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru, professor Lətifə Əliyeva çıxışında qanlı hadisələrlə bağlı tarixi məqamları qeyd edərək, bu tarixin araşdırılmasında, həqiqətlərin üzə çıxarılmasında uzun illər qadağaların olduğunu, hazırda isə, sənədlərin müxtəlif arxivlərdə saxlandığını və bu arxivlərə giriş üçün məhdudiyyətlər qoyulduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ermənilər tarixi saxtalaşdıraraq öz çirkin əməllərini xalqımızın adına qələmə verib. 1918-ci il qırğınlarının daha çox Bakı quberniyası və ətrafında, eləcə də Şamaxı, Quba, Lənkəran və Qarabağ kimi ərazilərdə törədildiyinə diqqət çəkən alim bu hadisələrlə və bundan illər sonra da bu hadisələri təkrarlayaraq ermənilərin həqiqi simasını göstərdiklərini vurğulayıb.
Millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov bu qanlı hadisənin Azərbaycan tarixində silinməz iz buraxdığını qeyd edib. O, yaşananların bundan sonra da tarixdə qalıb gələcək nəsillərə ötürülməsi üçün mövcud olan bütün yollardan istifadə edərək beynəlxalq aləmdə daha da güclü təbliğat aparmalı olduğumuzu diqqətə çatdırıb. O, 19-cu əsrdən başlayaraq erməni-azərbaycan münasibətləri mövzusuna Azərbaycan ədəbiyyatında tez-tez müraciət olunduğunu vurğulayıb. Eyni zamanda, N.Cəfərov klassik ədəbiyyatımızın nümayəndələri olan C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.S.Ordubadi və başqalarının əsərlərində və onların dərc olunmamış bəzi yazılarında bu məqamlara diqqət çəkildiyini bildirib. Eyni zamanda alim, bu gün aparılan araşdırmalar nəticəsində həmin əlyazmalarda ermənilərin xalqımıza qarşı birmənalı olmayan münasibətlərini aşkara çıxarmağın mümkün olduğunu qeyd edib. O,
ermənilərin törətdiyi cinayətlərin yalnız bunlarla mədudlaşmadığını, tariximizdə baş verən bir sıra hadisələrin ermənilərin etnik təmizləmə siyasətinin mühüm hissəsini təşkil etdiyini diqqətə çatdırıb.
Millət vəkili, hüquq elmləri doktoru, professor Nizami Səfərov soyqırımı gününün tarixinin ən qanlı səhifələrindən olduğunu, ümumilikdə müxtəlif bölgələrdə törədilən cinayətlər nəticəsində 50 minədək insanın qətlə yetirildiyini vurğulayıb. O, qeyd edib ki, müasir tariximizdə Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə bu hadisələrə ilk dəfə hüquqi qiymət verilib.
Soyqrımı konsepsiyasının tarixindən bəhs edən və onu ətraflı izah edən alim, ermənilər tərəfindən törədilən bu soyqrımının mədəni soyqırım konseptini ehtiva etdiyini qeyd edib. Beynəlxalq ictimaiyyətin ikili standartlarına diqqət çəkən alim, dünyada baş verən bir sıra terror hadisələrindən fərqli olaraq Xocalıda, eyni zamanda Azərbaycanın bir sıra ərazilərində törədilən terror əməllərinə qarşı məhkəmə tribunallarının qurulmadığını bildirib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.
Azəri Türk Qadınlar İB sədri Tənzilə Rüstəmxanlı, “İnformasiya Təşəbbüslərinə Dəstək” İB sədri Cəsarət Hüseynzadə, Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbas, “Mirzə Ələkbər Sabir” fondunun sədri Sevda Tahirli, Ekoloji Maarifçilik və Monitorinq İB
sədri Qəmzə Yusubova çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda dəyirmi masanın iştirakçıları adından qəbul olunan bəyanat səsləndirilib.