İsmayıllıda Çindən gətirilən 10 min tut tingi əkilir
İsmayıllı rayonunda Çin Xalq Respublikasından gətirilən 10 min ədəd tut tinginin əkini aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tinglərin əkini 23 inzibati ərazi dairəsi üzrə bölgüyə müvafiq olaraq həyata keçirilir.
Qeyd edək ki, aqrar sektorda aparılan islahatlar İsmayıllıda vaxtilə ənənəvi sahə olan baramaçılığın inkişafına güclü təkan verib. Bu sahənin bərpasına 2016-cı ildən başlanıb və həmin il 40 qutu ipəkqurdu toxumundan 895,4 kiloqram barama götürülüb. 2019-cu ildə isə məhsul istehsalı 4,7 dəfə artıb. Belə ki, 150 qutu ipəkqurdu toxumundan alıcı təşkilata 4205,4 kiloqram barama satılıb.
Təbii ki, baramaçılığın inkişafı güclü yem bazasının yaradılmasından asılıdır. Təkcə 2016-2018-ci illərdə rayon ərazisində 27 min ədəd tut tingi əkilib. Bu istiqamətdə işlər davam etdirilir.