Əbülfəs Qarayev Litva səfirini qəbul edib

Baxılıb:209
Əbülfəs Qarayev Litva səfirini qəbul edib

 

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Egidijus Navikasla görüşüb.

APA-nın məlumatına görə, nazir qonağı yeni təyinatı ilə əlaqədar təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Ölkələr arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edən Ə. Qarayev 2009-cu ildə Bakı şəhərinin “İslam Mədəniyyəti Paytaxtı” və Vilnüs şəhərinin “Avropa Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar iki ölkə arasında mədəniyyətlərarası dialoq kontekstində mühüm mədəni tədbirlərin həyata keçirildiyini xatırladıb.

Eyni zamanda, Litvanın Azərbaycanda mütəmadi olaraq təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarında aktiv iştirakından məmnunluğunu dilə gətirib.

Bundan əlavə, Ə. Qarayev 2014-cü ildə Litvaya səfəri çərçivəsində mühüm görüşlər keçirdiyini və bunun nəticəsində bir sıra müştərək tədbirlərin həyata keçirildiyini bildirib.

Səfir E. Navikas öz növbəsində Ə. Qarayevə təbriki və səmimi qəbuluna görə təşəkkür edərək, əməkdaşlığın inkişafı üçün çox gözəl perspektivlərin olduğu fikri ilə tam razı olduğunu bildirib. Litvanın Azərbaycandakı səfirliyi tərəfindən bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirən səfir, bu məsələdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyinə ümid etdiyini vurğulayıb.

Görüşün sonunda nazir Azərbaycan Respublikası Prezidentinin Litvaya rəsmi səfəri çərçivəsində 2007-ci ilin 13 sentyabr tarixində Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in əsasında Fəaliyyət Planının işlənib hazırlanmasını təklif edib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir