Bu gün Yel çərşənbəsidir

Baxılıb:1004
Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Aztimes.az  xatırladır ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: “Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana əsmə”, “Küləkli havada dənizdə çimməzlər”, “Kələknən gələn, küləknən gedər”… İnanclara görə, “Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır”, “Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o – Yel havamızı təmizləyir, yeniləyir, dəyişir”. “Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur”.

Qeyd edək ki, martın 15-də axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.


Abunəlik