İmişlidə brakonyerliyə qarşı növbəti reyd keçirildi- FOTOLAR
İmişli Rayon Polis Şöbəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları Araz çayının rayon ərazisindən keçən hissəsində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə etməklə qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Tədbirdə Azərbaycan Balıqçılar İttifaqının nümayəndələri də iştirak ediblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən reyd zamanı çay boyunca quraşdırılan qanunsuz sintetik torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Həmçinin brakonyerlərin istifadə etdiyi rezin təkərlər də aşkarlanaraq sudan götürülüb.
İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan kürüləmə ərəfəsində olan diri balıqlar isə yenidən suya buraxılıb.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.