Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib

Baxılıb:160
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib

 

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP – Transanadolu qaz boru xətti layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirildi.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

İlk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu tarixi mərasimə dəvət etdiyi və göstərdiyi qonaqpərvərlik üçün dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam.

Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.

Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.

TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünki əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur və 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini – 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir. 2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-ın inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-ın inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır.

TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü – “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir.

Bildirməliyəm ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, – onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz. Onu da bildirməliyəm ki, bizim enerji layihələrimiz digər layihələrə də yol açdı. İki il bundan əvvəl əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın, həm Orta Asiya ölkələrinin, həm də Əfqanıstanın və Çinin yükləri daşınır. Bu dəmir yolu qitələri birləşdirir. Necə ki, bizim boru xətlərimiz. Digər layihə elektrik enerjisinin ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı bunların biri də həyata keçməzdi.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır.

Eyni zamanda, Türkiyə bu gün xarici sərmayələr üçün açıq ölkədir və çox məqbul yerdir. Əziz qardaşım, Prezident Ərdoğanın liderliyi sayəsində Türkiyə həm iqtisadi, həm də siyasi sahədə böyük uğurlara imza atıb. Biz əvvəlki dövrü yaxşı xatırlayırıq. O vaxt Türkiyə Beynəlxalq Valyuta Fondunun və başqa maliyyə qurumlarının borcundan yaxa qurtara bilmirdi, asılı vəziyyətdə idi. İqtisadi asılılıq istər-istəməz siyasi asılılığa gətirib çıxara bilər. Məhz Prezident Ərdoğan tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində Türkiyə bu asılılıqdan yaxasını qurtara bildi və bu gün çox güclü iqtisadiyyat kimi dünya miqyasında öz sözünü deyir. Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur.

Tarixdə liderlərin rolu haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər yaradılıb və müxtəlif fərziyyələr, fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix göstərir ki, liderin rolu bir çox hallarda həlledici olur, bu, danılmazdır. Bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir.

TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir.

Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

X X X

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə Prezidenti Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətindən danışdı. “Bu, həm də bir sülh layihəsidir”, – deyən Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı dostluğun rəmzi olan TANAP-ın həyata keçirilməsində birgə əməkdaşlığın mühüm rol oynadığını bildirdi. Bu layihənin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini vurğulayan Türkiyə Prezidenti Asiya ilə Avropanı bir-birinə bağlayan TANAP-ın icrasına verdiyi dəstəyə, liderlik fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi oldu.

Mərasim xatirə fotosu çəkdirilməsi ilə başa çatdı.

X X X

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb.

Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb.

Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 40 faizdən çoxuna, 5 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və indiyədək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir