2 milyonluq falçının məhkəməsində Prezidentin köməkçisinin adı hallanır: Oğrudan oğruya halaldırmı?..

Baxılıb:174
2 milyonluq falçının məhkəməsində Prezidentin köməkçisinin adı hallanır: Oğrudan oğruya halaldırmı?..

Fala baxan 2 milyon manata yaxın pulu dələduzluq yolu ilə ələ keçiribsə, Kərəm Həsənov bu məbləği hansı yollarla mənimsəyib?

Ötən yazılarımızdan birində Prezident Administrasiyasındakı struktur dəyişikliyindən sonra baş verən kadr islahatları zamanı şöbə müdiri kimi yüksək vəzifələrə gətirilənlərin arasında yerində olmayanların mövcudluğu barədə yazmışdıq. Həmin kadrların müvafiq sahələr üzrə mütəxəssis olmamasından və fəaliyyətsizliyindən bəhs etmişdik.

Aztimes.az AzToday.az-a istinadən xəbər verir ki, onların sırasında uzun illər müxtəlif yüksək vəzifələr tutmasına baxmayaraq, elə ciddi idarəçilik və siyasi məharəti olmayan, əksinə daha çox mənfi imiclə seçilən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov da var.

Qeyd etmək yerinə düşər ki, Kərəm Həsənov yeni vəzifəyə təyinat alandan sonra onun yerli icra hakimiyyətlərinin rəhbərləri səviyyəsində özünə “kadrlar” tabe etdirdiyi, onların vasitəsilə maddi və digər maraqlarını təmin etdiyi, hətta indiki vəzifəsindən istifadə edərək kiməsə “krışalıq” etməsi barədə kifayət qədər yazılıb. Amma nədənsə özü kimi “kadr”larının mənfi imicə malik olmaları, PA Dövlət nəzarəti məsələləri şöbəsinin müdirinin havadarlığı sayəsində daha da hədlərini aşdıqları barədə yazılanlara çox vaxt ciddi reaksiya olmur.

İmkanlı şəxslərin “bəxtinin açılması” da bahalıdır

Lakin bu dəfə vəziyyət bir qədər fərqlidir. Zamanında əslən Cəlilabaddan olan yerlisi Fərhad Əliyevin sayəsində irəli gedən, ondan sonra dövlətin əmlakının idarə edilməsi məsələləri üzrə yüksək vəzifə tutan Kərəm Həsənovun adı bu dəfə ən yaxınları vasitəsilə məişət zəminində, özü də dələduzluq məsələsində hallanır. AzToday.az xəbər verir ki, bu günlərdə gündəmi zəbt edən qalmaqallı məhkəmə prosesində K.Həsənovun bacısı Rəna Ağarzayevanın fala baxdırmaq cəhdi zamanı nə az nə çox 2 milyon manat (???) məbləğində mənbəyi naməlum pulu dələduzlara “qapdırması” araşdırılıb.

Təbii ki, ilk baxışda məişət zəminində mülki mübahisə kimi görünən bu məhkəmədə pulun hansı şəraitdə əldən çıxmasından çox, bu qədər böyük məbləğdə pulun hansı ağılla “bəxtaçdırma” əməliyyatının əvəzində qarşı tərəfə verilməsidir. 2 milyon manatla bağlı məhkəmə araşdırmaları başa çatsa da, fala baxmaq üçün milyonları ələ keçirməkdə təqsirləndirilən iki nəfərin hər birinə 10 ildən çox həbs cəzası verilsə də, məsələnin aktuallığını qoruması belə bir sual yaradır:

Yüksək vəzifəli şəxsin bacısı 2 milyon manatı haradan alıb?

Məhkəmə araşdırması zamanı dövlət nəzarəti məsələləri üzrə Prezidentin köməkçisinin hədəf göstərilməsi qəbul edilən qərarın sırf zərərçəkənin lehinə olmasından, qarşı tərəfin isə K.Həsənovun məhkəmə prosesinə təsir etməsi barədə açıqlamalar verməsindən qaynaqlanır. AzToday.az xəbər verir ki, fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində K. Həsənovun bacısını aldadan dələduzlar – Şəfəq İsmiyeva 10 və Ceyhun Zeynallı isə 11 il azadlıqdan məhrum ediliblər.
Cinayət işindən aydın olur ki, Şəfəq İsmiyeva “İnstagram”da səhifə açıb, özünü “Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb. Yəni, R.Ağarzayeva fala baxdırmaq, qızının bəxtini açdırmaq, onu özünün istədiyi şəxsə ərə vermək naminə yaxşı biznes qurmaq üçün külli miqdarda “maya” hesab edilən pulu heç nədən əldən verib…

Məhkəmə qərarı Kərəm Həsənovun sifarişi ilə qəbul edilib?

Ən maraqlısı odur ki, Ş.İsmiyeva pul aldığını etiraf edir, amma hansı yolla qızın bəxtini açacağını, niyə aça bilmədiyini demir. Ceyhun Zeynallı isə heç bir cinayət törətmədiyini, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Ş.İsmiyevanın falçılıq etməsindən xəbərdar olmadığını deyib. Falçılıq və dələduzluq etmədiyini israrla bildirən bir şəxsə 11 il həbs cəzası verilməsi doğrudan da ciddi suallar doğrurur.

Ona görə ki, C.Zeynallı heç bir etirafda bulunmadığını deyib və istintaq işinin obyektiv, hərətərəfli araşdırılmamasından ciddi narazılıq edib. Məsələnin digər maraqlı tərəfi məhkəmədə fala baxan Şəfəq İsmiyevanın xaricə pullar köçürməsi, 500 min manatlıq müqavilə (???) bağlaması barədə iddiaların səslənməsidir. Bu iddialar bir status yazdığına görə vətəndaşların hüquq-mühafizə orqanlarına dəvət edildiyi bir ölkədə fala baxanların bu qədər böyük məbləğlər üzrə “hoqqalardan çıxması”nın necə baş verdiyi barədə suallar yaradır.

Belə ki, məhkəmənin hökmündən narazı qalan C.Zeynallının yaxınları yüksək vəzifəli şəxsin məhkəməyə təzyiq göstərdiyini və qərarın Kərəm Həsənovun sifarişi əsasında çıxarıldığını söyləyirlər. Yəni qarşı tərəf bir “bəxt” üçün 2 milyonu əldən verən R.Ağarzayevanın məhkəməni udmasının əsl səbəbinin qardaşının vəzifəsindən sui-istifadə etməsində görür.

Oğrudan oğruya halaldırmı?..

Ən nəhayət, son dərəcə maraqlı məsələ isə odur ki, 11 illik həbsə məhkum edilən şəxsin yaxınları, eyni zamanda R.Ağarzayevanın qızının bəxtini açdırmaq üçün falçıya verdiyi 2 milyon pulun mənbəyinin Kərəm Həsənov olduğunu iddia edirlər (bu işdə ona digər qardaşı deputat Malik Həsənov da kömək edə bilər).

Bu zaman daha bir neçə müəmma və sual ortaya çıxır. Əgər qarşı tərəfin iddia etdiyi kimi “zərərçəkən” xanım pulu qardaşından alıbsa, onu bu məbləğdə pulla təmin edən dövlət qulluqçusu Kərəm Həsənovun 2 milyonu hansı yolla ələ keçirməsi araşdırılmalıdır. İddia sübut edilsə, onda 2 milyon manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirən falçı Şəfəq xanımın “Oğrudan oğruya halaldır” məntiqi ilə hərəkət etdiyi ortaya çıxmırmı?..

Digər bir sual isə odur ki, insan hüquq və azadlıqlarının konstitusiyada və digər qanunlarda qeyd-şərtsiz öz əksini tapdığı ölkədə vəzifəsindən istifadə edərək məhkəməyə sifariş verilməsi mümkündürmü? Mümkün deyilsə, bu iddialar dərhal təkzib edilməlidir. Təkzib olunmasa, bu məsələ təkcə dövlət nəzarəti məsələləri üzrə məsul vəzifə daşıyan K.Həsənovun deyil, ali icra hakimiyyətinin nüfuzuna ciddi xələl gətirə bilər.


Abunəlik