Maliyyə amnistiyasına əngəl olanlar kimlərdir? – SENSASİON FAKTLAR
Bu günlərdə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Mustafayeva “vergi ödəyicilərinə kapital və əmlak amnistiyası tətbiq ediləcək” – açıqlaması cəmiyyətdə böyük marağa səbəb olub. Çünki bu addımı hər bir azərbaycanlı intizarla gözləyir desək, yəqin ki, yanılmarıq. Baxmayaraq ki, bu məsələ gündəmə gəlib. Amma elə təşəbbüs olaraq da qalıb. Pandemiya dövründə bu məsələnin yenidən gündəmə gətirilməsi çox maraqlıdır. Çünki pandemiya dövründə bütün dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatı güclü itkilərlə üzləşdi. Bu itkilərin qısa zamanda doldurulması üçünsə maliyyə amnistisiyası əla fürsətdir. Əgər bu addım atılarsa, qısa zamanda ölkəmizə çox böyük investisiyalar yatırıla bilər. Bu həm xarici iş adamları, həm də ki, yerli imkan sahibləri üçün əla şans olar.
Bəs belə fürsətdən Azərbaycan höküməti niyə indiyə qədər yararlanmayıb? Bunun bir çox subyektiv səbəbləri var.
Birincisi, Azərbaycandakı korrupsioner məmurlar buna mane olub. Çünki maliyyə amnistisiyası onların bazarını öldürə bilər. Məsələn, hamı bilir ki, yeni mənzilin 1 kvadratmetrinin maya dəyəri 200 manatdan o yana keçmir. Di gəl ki, nəinki, paytaxtda, heç mərkəzi şəhərlərdə belə kvadratı 700-800 manata mənzil tapa bilməzsən. Və yaxud, hamı bilir ki, bananın bir kilosu Azərbaycana 20-30 qəpiyə gətirilib çatdırılır. Amma pərakəndə satışda 2 manatdan ucuz banan tapmazsan. Bax, məmurlar buna görə maliyyə amnistiyasında maraqlı deyil. Çünki təklif çoxalanda, qiymətlər aşağı düşə bilər. Bu isə işbaz məmurlara heç cür sərf eləmir.
İkincisi, maliyyə amnistisiyası müvafiq qanunvericiliklə tənzimlənməlidir. Bu qanunvericilik bazasını da Milli Məclis hazırlamalıdır. Və nə yazıq ki, Milli Məclusdə uzun illər lövbər salan biznesmenlər də belə bir qanunun hazırlanmasında maraqlı deyillər. Çünki bazarda sağlam rəqabət yarana bilər. Və həmin deputatların keyfiyyətsiz xidmətləri və malları alıcı tapa bilməz. Məlumdur ki, hazırda ölkəmizdəki mənzil, məişət avadanlıqları, dərman-tibbi məmulatlar biznesi, şadlıq evləri, istehsal sahələri və hətta topdansatış ticarət şəbəkələri ayrı-ayrı deputatlara məxsusdur. Bu adamların heç biri maraqlı deyil ki, bazara yeni sifarişçi, yeni təklif girsin. Bir sözlə maliyyə amnistisyiasında maraqlı olmayan qüvvələr çoxdur.
Əslinə baxsan, Azərbaycanda bu gün hər bir ağacın belə sahibi var. Amma bu rəsmiyyətdə öz təsdiqini tapmır. Bir dəfə Əmlakın Dövlət Reyistri Xidmətində yüksək vəzifə tutan dostumla söhbət əsnasında mənə bir sirr açdı. Seyfi açıb böyük bir qovluq çıxartdı. Qovluğu açaraq mənə dedi ki, “bax, bu qələmlə yazılanlar əmlakın formal sahibləridir. Karandaşla kənarda yazılanlar isə əmlakın əsl sahibidir”. Yəni ki, bir çox dövlət qurumlarında oturan məlumatlı şəxslər çox gözəl bilir ki, Bakıda və yaxud regiondakı hansı əmlakın sahibi kimdir. Bu bir tərəfə qalsın. Bu saat şəhərə çıxıb gəzsə,n hansı otelin, şadlıq sarayının, MTK-nın, zavodun, fabrikin və hətta xırda çayxananın belə kimə məxsus olduğunu asanlıqla öyrənə bilərsən. Yəni nəyin, kimin olduğunu çoxumuz bilirik. Amma rəsmiyyətə gələndə bunu sübut etmək çox çətindir.
Bunun da bir neçə səbəb var.
Birincisi, qanunvericiliyimizdə boşluqlar var. Məsələn, tez-tez belə bir faktla üzləşirik. Əlində Dövlət Reystrindən çıxarışı olan adamın əmlakı çox asanlıqla əlindən alınır. Və əmlak sahibi öz hüquqlarını müdafiə edə bilmir. Çünki qarşı tərəf öz qanunsuzluğuna asanlıqla don geyindirə bilir. Məsələn, bir tanışım danışır ki, “Yol kənarında bir balaca obyektim var. Təzə başçı gələndən 10 gün sonra onun qoçuları gəldi ki, ya 120 min manat verməlisən, yada ki, obyektini sökürük. Yalvardım, dil tökdüm. Dedim ki, “a kişilər, əlimdə “kupça”m var. Bura bir dünya xərc çəkmişəm, filan… Xeyri olmadı. Dedilər ki, “noolsun “kupça”n var. Yol kənarıdır. Başçı bir sərəncam verəcək ki, yol genişləndirilir, dövlət əhəmiyyətli iş görülür. Vəssalam…Get kimə şikayət edirsən et”…
Nəhayət məndən 70 min manat alandan sonra əl çəkdilər”.
İkincisi, hüquqi varislik prinsipi yoxdur. Təzə gələn məmur çox asanlıqla özündən əvvəlki məmurun verdiyi qərarı qanunsuz hesab etdirə bilir. Səsini qaldırana da deyilir ki, “get sözünü pul verdiyin adama de”. Və yaxud başqa bir misal: Hər kəs bilir ki, rayonlardakı ən yaxşı otlaq, əkin sahələri və obyektlər icra başçılarına məxsusdur. Hansısa rayona təzə icra başçısı təyin olunanda təbii ki, həmin var-dövlət qeyd-şərtsiz təzə gələn məmurun sərəncamına keçir. Bütün bunlarsa qanunlarla deyil, şifahi göstərişlə icra olunur. Bax, bu cür qanunsuzluqlarla külli miqdarda vəsait əldə edən məmurlar maraqlı deyillər ki, Rusiyadan, Ukraynadan və yaxud lap elə Türkiyədən hansısa soydaşımız gəlib öz dədə-baba ocağında bir istehsal sahəsi yaratsın, yerli camaata normal iş şəraiti yaratsın. Az-çox məlumatlı adam kimi deyə bilərəm ki, son 10 ildə bəlkə heç 10 nəfər xaricdə yaşayan imkan sahibi gəlib regionlarda iş qurub, pul qazanmayıb. Vaxtilə gələnlər də icra başçılarının təziyqlərindən bezib qaçıblar.
Burada mənəvi-psixoloji problem də var. Əksər icra başçıları rayonda ondan nüfuzlu, hörmətli adam görmək istəmir. Ona görə də xalqın rəğbətini qazanan iş adamını da anındaca məhv edirlər. Çünki onlar həmin sahibkarı özlərinə və postarına potensial rəqib görürlər.
Bir sözlə,ölkəmizdə maliyyə amnistiyasının bərqərar olmasını istəməyən qüvvələr çoxdur. İqtisadiyyat naziri Mikayıl Cabbarovun həmin adamlara qarşı mübariz olacağına hələlik ümidlərimiz çoxdur. Təsadüfi deyil ki, hazırda reallıqdan çıxış edən əsas məmurlardan biri də odur. Bu yaxınlarda digər məmurlara rəğmən infilyasiya haqqında dediyi maraqlı fikirlər bizdə bu əminliyi yaradır.
Yaşayıb, görərik…
Konkret.az