RESPUBLİKA ƏLİLLƏRİN BƏRPA MƏRKƏZİNDƏ QİDALANMA MÜƏMMASI

Baxılıb:175
RESPUBLİKA ƏLİLLƏRİN BƏRPA MƏRKƏZİNDƏ QİDALANMA MÜƏMMASI

Bu dəfə toxunduğum məsələ şəxsən öz rastlaşdığım və hamını təəccübləndirəcək bir hadisədir. Amma buna baxmayaraq heç də elə başa düşülməməlidir ki, bu, şəxsi məsələdir. Mən deyərdim ki, bu, ölkədə yaşayan yüzlərlə 1 – ci qrup əlilləri çox narahat edən bir hadisədir.
Belə ki, anam Əliyeva Məlahət Salam qızı 12 ildir ki, 1-ci qrup əlildir. Hər iki əlləri və ayaqları tam hərəkətsizdir, yatağa məhkumdur. Vaxtaşırı növbəlilik əsasında ƏƏSM nazirliyinin müxtəlif reabilitasiya mərkəzlərində 14 günlük müalicə alır. Amma nadir hallarda 14 günün hamısını tam müalicə kursu götürüb. Bəs niyə tam müalicə almayıb? İndi deyəcəm. Bildiyiniz kimi TİBBİ SOSİAL EKSPERTİZA KOMİSSİYASININ (TSEK) verdiyi sənədə əsasən 1-ci qrup əlillərin mütləq şəkildə kənar şəxsin (müşayiətçinin ) qulluğuna ehtiyacı var. Həmin şəxs xəstənin müalicə aldığı tibb müəssisələrində onunla birgə qalır, ona hərtərəfli fiziki yardım göstərir. Nə isə… Dekabr ayında (2021) bizə zəng edərək növbəmizin çatdığını bildirdilər. Zəng Əlillərin Bərpa Mərkəzindən idi. Və əlavə etdilər ki, xəstənin müşayiətçisinə həmişəki kimi yemək verilmir. 14 gün ərzində heç kim sizi ziyarət edə bilməz, siz qapıdan bayıra çıxa bilməzsiniz. Bu əvvəl mənə gülünc gəlsə də anam onun bu sözlərinə çox əsəbiləşdi. Onun vəziyyətini görüb telefon danışığını mən davam etdirdim. Dedim: ” – siz nə danışdığınızı özünüz eşidirsiz? Xəstə müşayiətçisi robot deyil. O da sizin kimi insandır və digər insanlar kimi qida qəbul etməlidir.” Biz çox mübahisə etdik, amma, ortaq məxrəcə gələ bilmədik. Xanım bu məsələnin onun səlahiyyətində olmadığını bildirdi. Yanvarın 4 də (2022) biz Bərpa Mərkəzinə gəldik. Sənədlərimizi qəbul etdikdən sonra yenə qidalanmanın yalnız xəstəyə veriləcəyini bildirdilər. Yenə anam çox əsəbiləşdi. Axı bir ana ona qulluq edən balasının ac qalmasına necə biganə qala bilər? Mən dedim: “Onda siz bir işçi ayırın xəstəyə qulluq etsin, mən qayıdım gedim.” Dedilər: ” belə xidmət bizdə yoxdur.” Qısası, mən anamın yanında qalası oldum. Səhəri gün yeməkxanada özünü direktor müavini kimi təqdim edən xanıma bu barədə etirazımı bildirdim. O da bu məsələnin yaxşı hal olmadığını, amma əlindən heç bir iş gəlmədiyini bildirdi. Belə bir qərarın Nazirlər Kabineti tərəfindən verildiyini dedi. 6 gün sonra yanvarın 10 – da anam yeməklərdən ishal halına düşdü. İsti suyun da daimi verilməməsi işi daha da çətinləşdirirdi. Beləcə, biz ərizə yazaraq oranı yenə də yarımçıq tərk edəsi olduq.
Bu qərarı hansı qurumun verməsindən asılı olmayaraq çox absurd bir qərardır. Axı dövlət bu xərci çəkir, xəstəyə dərman, lazımi preparatlar, müalicə, qida və s. xidmətlər göstərir. Bəs onun müşayiətçisinə niyə ögey munasibət bəslənilir? Axı o da, xəstəyə qulluq etdiyi üçün heç olmasa adicə yeməklə təmin olunmalıdır. Siz isə bir stəkan çayı, bir qab şorbanı, 10 qram yağı əsirgəməklə bütün bu xidmətlərin hamısını yerə vurursunuz.Axı əlil insanlar ora gəldikcə həyatda yaşam həvəsləri daha da artır və sağalmağa ümid edirlər. Siz isə bu cür xırda, cılız problemlərlə onlar üçün əlavə maneələr yaradırsız. Və təsəvvür edin ki, belə cılız problemə görə neçə əlil müalicədən imtina edərək evinin bir guşəsinə çəkilir, özünə qapanır, dünyadan köçəcəyi günü gözləyirlər.
Bu da onlarda əlavə psixoloji problemlər yaradır. Eyni vəziyyət təkcə Bərpa Mərkəzində yox, ƏƏSM nazirliyinə tabe olan bütün mərkəzlərdə – PROTEZ ORTOPEDİK MƏRKƏZDƏ, ŞAĞAN MÜALİCƏ PANSİONATINDA və digərlərində də yaşanır.
Ümid edirəm ki, ƏƏSMN və Nazirlər Kabineti öz qərarlarında dəyişiklik edərək daha mütərəqqi qərar qəbul edəcək, problemi aradan qaldıracaqlar. Axı əlillər də bu cəmiyyətin bir hissəsini təşkil edir, onlar da yaşamaq, övlad və nəvələrinin uğuruna sevinmək istəyirlər. Gəlin onları birlikdə qoruyaq. Məncə düşünməyə dəyər….

Hazırladı: Xaqani ƏLİ /AzTimes.az/


Abunəlik