Narkotiki mürəbbə bankalarının arasında gizlədən şəxs saxlanıldı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində Tülü kənd sakini Dinar Seyidov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırma zamanı rayon bazarında qəssablıq fəaliyyəti ilə məşğul olan Dinar Seyidovun narkotik vasitəni Əli adlı müştərisindən 50 manata aldığı məlum olub.
Davam etdirilən tədbirlərlə həmin şəxsin Talalar kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum edilmiş Əli Əhmədov olduğu müəyyən edilib və o, saxlanılaraq şöbəyə gətirilib. Şəxsi axtarış zamanı Əli Əhmədovdan marixuana aşkarlanıb. Onun kənddə yaşadığı ünvana baxış keçirilərkən isə evin zirzəmisindəki mürəbbə bankalarının arasında 5 şüşə qaba yığaraq gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin hissələri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.