Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaqlar
Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər.Bəs, hərbi geyimdən kimlər istifadə edə bilər?
Aztimes.az xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri Üzrə köməkçisi Şirin İsmayılov “Xəzər Xəbər”ə deyib ki, “Hərbi xidmətkeçmə haqqında” əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.Şirin İsmayılov onu da bildirdi ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir. Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür..Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.