Türkiyə Azərbaycanın şəhid ailələrinə MADDİ YARDIM AYIRDI

Baxılıb:166
Türkiyə Azərbaycanın şəhid ailələrinə MADDİ YARDIM AYIRDI

Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi dəstək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) hesabına vəsait köçürüb.

Bu barədə KONKRET.az-a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkədə səfərdə olan Türkiyənin həmkarlar ittifaqarları mərkəzlərindən biri olan – “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan və qurumun baş katibi Eda Günərlə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq prinsipləri əsasında bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Şuşa Bəyannaməsini tarixi hadisə adlandıran S.Möhbalıyev qeyd edib ki, Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafını təmin edir, eyni zamanda müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.

İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev vurğulayıb ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi.

“Hak-İş” Konfederasiyası tərəfindən şəhid ailələrinə və qazilərə, həmçinin Şərqi Zəngəzurun və Qarabağın bərpasına xərclənməsi üçün AHİK-in hesabına köçürülən 25 000 ABŞ dolları vəsaitə görə türkiyəli həmkarına təşəkkür edən AHİK sədri Azərbaycanda şəhid ailələrinin, qazilərin, veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu və prosesdə ictimai təşkilatların da fəallığını diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan haqq-ədalət uğrunda mübarizə apardı, bütün dünyaya öz gücünü göstərdi. M.Arslan deyib ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunması hər birimizin arzusu idi və bizim bu arzumuz reallaşdı: “Biz də Türkiyənin ictimai təşkilatı olaraq qardaş ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının ailələrinə, qazilərə dəstək olmağa çalışırıq. Göstərdiyimiz bu maddi yardım, təbii ki, simvolik xarakter daşıyır. Biz bununla demək istəyirik ki, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq və bunu özümüzə borc bilirik”.

Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.


Abunəlik