Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışında iştirak edib

Baxılıb:114
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışında iştirak edib

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verdi.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla “Zabrat-2” stansiyasına yola düşdü.

Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.

Prezident İlham Əliyev “Zabrat-2” stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.

Sonra dövlətimizin başçısı “Zabrat-2” stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşdü.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verildi.

Dövlətimizin başçısı burada bir qrup dəmiryolçu ilə görüşdü.

Son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışan Prezident İlham ƏLİYEV dedi:

-Sağ olun, işlər yaxşı gedir. Bu gün yeni dəmir yolu xəttinin açılışını qeyd etdik. Pirşağı stansiyası istifadəyə verildi. Şəhərə qədər yolboyu bütün stansiyalar ən yüksək standartlara cavab verir, Bugünkü müasir Azərbaycanımızı güclü dövlət kimi bir daha göstərir.

Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Mən artıq bu rəqəmləri səsləndirmişəm. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik. Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hesab edirəm ki, bu vaqonlar, dünya miqyasında ən gözəl və təhlükəsiz vaqonlardır.

Dəmir yolları, stansiyalar tikilir, şəhərətrafı dəmir yolu uğurla inşa edilir. Bu gün mən Pirşağıdan Bakıya çox rahat gəlmişəm. Gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Gələn ilin investisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək.

Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır. Bakı-Gəncə sürət qatarının işləməsi görün ölkəmizə nə qədər böyük dəyişiklik gətirir. İndi Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Bundan sonra da bu işlər görüləcək. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası nəzərdə tutulur. İşlər çoxdur. Mən dəmiryolçuları görülmüş işlər münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Dəmiryolçular: Sağ olun.

X X X

Sonra dövlətimizin başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət etdi.

Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış oldu.

AzTimes.az

 

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir