Mehdiyevin kürəkəni dövlətdən PUL GİZLƏDİR? – İDDİA

Baxılıb:181
Mehdiyevin kürəkəni dövlətdən PUL GİZLƏDİR? – İDDİA

“Boz kardinal”ın kürəkəni öz əmlaklarını sataraq pulları xaricə çıxarmağa çalışır, nə edir etsin, yetər ki, büdəcəyə borcunu ödəməsin deyə dəri-qabıqdan çıxır…

AZTİMES.Az xatırladır ki, ötən ilin sentyabrında “Yeni Müsavat” yazmışdı ki, eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib. “Yeni Müsavat”ın məlumatında bildirilirdi ki, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə küllü miqdarda olan vergini verməyiblər.

Hələ 2020-ci ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var.

Aldığımız yeni məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün ötən ilin payızında 1 ay vaxt istəsə də, vədinə hələ də əməl etməyib. Səbəb bəllidir – arxasında Ramis Mehdiyevin basılmaz əli var.

Eyni zamanda gələn məlumatda deyilirdi ki, o, nəzarətində olan varidatı tələm-tələsik “özgəninkiləşdirməyə” çalışıb və bəzilərini özəlləşdirib də. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa da çalışıb.
Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var.
Qeyd olunur ki, İlham Əliyevə bu villanı bir neçə il əvvəl məmurlardan biri bağışlayıb. Həmin məmur icra başçısı təyin olunandan sonra İlham Əliyevi villaya qonaq çağırıb və orada açarları ona təqdim edib. Villa 1 milyon 300 min manata satışa çıxarılandan sonra məmurlardan birinin mühafizə xidmətində çalışan İslam Hüseynov müştəri düşüb. Villanı çox bəyənən müştəri 130 min manat beh də verərək tezliklə alacağını bildirib. Lakin sonradan villanın kimə məxsus olduğunu öyrənib və almaqdan imtina edib.
İlham Əliyev Zirə qəsəbəsi ərazisində hektarlarla torpaq sahələrinə də sahibdir və həmin torpaqları da satışa çıxarıb. Qaynağımız deyib ki, İlham Əliyev çaşqın durumdadır və sanki nə etdiyini bilməyən biri təəssüratını bağışlayır.
İlham Əliyevin biznes imperiyası haqda məlumatlara gəldikdə isə bu haqda kifayət qədər məlumatlar var. Bilinir ki, İlham Əliyevin biznesi qayınatası Ramiz Mehdiyevin böyük biznesinə daxildir. Bura tikinti kooperativləri – “Topaz” MTK və “Qala-R.L” MTK, MMC-lər – “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza”, hazırda “German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzi və bu qəbildən olan xeyli obyektlər daxildir.

“Gandezza” ticarət mərkəzi Bakıda, “Torqovı” adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var. “Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə “Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haqverdiyev və Adil Güloğlan oğlu Aldostovdur. “Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub.

Fikrət Əliyev İlham Əliyevin qardaşıdır. Fikrət Əliyevin iki oğlu var: Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev – “Topaz” MTK-nın, Orxan Əliyev “NLT” MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev “Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə “E & S” MMC və “Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda “Dry Tech” şirkətinə, eləcə də “Aqua Safe H2O” MMC-yə eyni şəxs – Mehman Əliyev rəhbərlik edir.

Fikrət Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olub və polkovnik rütbəsi alıb. İndi isə Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasında çalışır. Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur.

Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyində təmsil olunurdu. Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.

Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir. 2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub.

2019-cu ilin əvvəlinə “Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib.408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib. “Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.
Demokratik.Az yuxarıdakı siyahıya Gəncədə yerləşən “YENİ GƏNCƏ” Tibb Mərkəzini də əlavə etməyi vacib bilir. Sözügedən və dəyəri milyonlarla ölçülən klinika 2017-ci ildən İlham Əliyevin təsisçiliyilə yaradılmış “İNTERMEDSERVGİS” MMC-nin nəzdindədir. Maraqlıdır ki, Əliyevə qarşı vergiyayınma yoxlamaları çərçivəsində sözügedən klinikada da maliyyə maxinasiyalarının varlığı üzə çıxıb. İlham Əliyev isə həmin ünvan üzrə məsuliyyətdən xilas olmaq üçün bütün nöqsanı Yeni Gəncə Tibb Mərkəzinin sabiq icraçı direktoru Kərimova Ülkər Nadir qızının şəxsinə yönəldib. Hazırda Yeni Gəncə Tibb Mərkəzinin də özgəninkiləşdirilməsinə cəhdlər müşahidə edilir.

Qeyd edək ki, bu məlumatlar İlham Əliyevin təmsil olunduğu ailənin böyük biznesini tam olaraq əhatə etmir. 


Abunəlik