Qətlə yetirilən gizirin AİLƏSİ DANIŞDI:”Ölməmişdən əvvəl zəng etdi ki…”

Baxılıb:352
Qətlə yetirilən gizirin AİLƏSİ DANIŞDI:”Ölməmişdən əvvəl zəng etdi ki…”

Xəbər verdiyimiz kimi, yanvarın 2-i saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb.

AzTimes.az xəbər verir ki, gizir Cəlilzadə Amilin atası Fuar Cəlilzadə Modern.az-a açıqlamasında bildirib ki, ona hadisənin təfərrüatı ilə bağlı tam məlumat verilməyib:

“Çox ağırdır. Övladımın ani ölümünü qaldıra bilmirəm. Oğlum 1999-cu ildə Siyəzən rayonunda anadan olub. 2017-2019-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan bir müddət sonra yenidən müddətdən artıq xidmətə getdi. Vətən müharibəsində də iştirak edib. İşğal olunmuş ərazilərimizin demək olar ki, hamısının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Subay idi, arzuları vardı”.

F. Cəlilzadə bildirib ki, ölən gün oğlu ilə iki dəfə telefonda danışıb:

“Dünən səhər saatlarında danışmışıq. Yaxşı olduğunu dedi. 3 oğlum var. O biri oğlum Cəlilzadə Məcnun da Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Laçının işğaldan azad olunması uğrunda göstərdiyi qəhrəmanlığa görə təltif olunub. Kiçik oğlum Yusifin 12 yaşı var”.

O deyib ki, oğlunun nəşi bu gün saat 5-6 radələrində rayona gətiriləcək:

“Əgər gec olmasa, bu gün oğlumu şəhid kimi dəfn edəcəyik”.

Mərhum Amilin qardaşı Məcnun Cəlilzadə Modern.az-a açıqlamasında bildirib ki, sonuncu dəfə qardaşı ilə günorta və ölümündən 14 dəqiqə öncə danışıb:

“Zəng elədi ki, anama yasin oxutdur. Ölməmişdən 14 dəqiqə öncə, 17:46-da zəng edib soruşdu ki, oxutdurdun? Həmin gün də günorta saatlarında xalalarımla danışanda deyib ki, “anamı yuxuda görmüşəm. Görürəm ki, saat alıb qəbrinin üstünə getmişəm”.

Amil 6 ayın əsgəri olanda anam Cəlilova Sevda vəfat etdi, ili yenicə çıxıb. 18 il Siyəzəndə ibtidai sinif müəllimi kimi çalışıb. Yüksək şəkər xəstəliyindən əziyyət çəkirdi. Ötən il sentyabrın 18-də koronavirusdan rəhmətə gedib”.

M.Cəlilzadə qardaşının kiçik gizir kimi çalışıdığını və bütün əsgərlərinin ondan razılıq etdiyini söyləyib:

“Bütün əsgərləri ondan razı idi. Nə vaxt zəng edirdik, telefonuna əsgərləri cavab verirdi. Onların daim ailələri ilə əlaqə saxlamalarına yardım edirdi. Tərxis olunan əsgərləri zəng edib deyirlər ki, qardaşın bizə komandir yox, qardaş idi. Çox sarsılmışıq, “niyə”, “nə üçün”, biz də bilmirik. Bütün bunların cavabı araşdırmalardan sonra bilinəcək”.


Abunəlik