“Türkmənçay” müqaviləsinin imzalanmasından 191 il ötür
10 fevral 1828-ci il Azərbaycan tarixində ən böyük faciələrdən biri yaşanıb desək, yanılmarıq. 191 il bundan öncə bu tarixdə Azərbaycan torpaqları Rusiya və İran arasında Türkmənçay müqaviləsi vasitəsilə parçalanmışdı. Türkmənçay müqaviləsi XIX yüzillikdə İranın, İngiltərə, Fransa,Rusiya və Osmanlı ilə bağladığı müqavilələr içərisində ən ağırı idi. Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi.Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. Müharibənin bitməsindən sonra imzalanan Türkmənçay müqaviləsi XX və XXI əsr boyunca bir millətin ayrılığının simvolu halına gəlmişdir. Birinci maddə ilə tərəflər arasında əbədi sülh elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödöyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilir (VII maddə). Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddə ticarət konsulluqları açılmasından, on birinci maddə qarşılıqlı olaraq savaş ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. On beşinci maddə ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə sülh haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu. Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi.
Aztimes.az