“MERO”lar vətəndaşların cibinə necə girir?- VİDEO

Baxılıb:288
“MERO”lar vətəndaşların cibinə necə girir?- VİDEO

Azərbaycanda həyata keçirilən instusional islahatlar cəmiyyətdə böyük gözləntilər yaradıb. Təsadüfi deyil ki, 2018-ci ilin prezident seçkilərindən sonra hakimiyyətin bütün qollarını – qanunverici, icraedici, məhkəmə və digər sahələri əhatə edən kompleks islahatlar nəticəsində dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 

Lakin nədənsə uzun illərdir fəaliyyəti kəskin tənqid olunan, bürokratiyanın hökm sürdüyü Dövlət Yol Polisi (DYP) sistemi bu dəyişikliklərdən qorunmağı bacarıb.  Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanması missiyasını daşıyan DYP sistemi nəinki yeni dövrün çağırışları ilə ayaqlaşa bilir, əksinə, uzun illərdir bu sistemdə hökm sürən korrupsiya şəbəkəsi və mexanizmi bu gün də tam gücü ilə işləyir. 

Qeydiyyat-imtahan və texniki baxış şöbələrində baş verən özbaşınalıqlar isə vətəndaşları kütləvi şəkildə narazı salmaqla yanaşı, onların dövlətin idarəçilik sisteminə olan inamını da ciddi şəkildə sarsıdır. Ən qəribəsi də odur ki, ölkəboyu fəaliyyət göstərən bu şöbələr sanki and içibmişlər kimi, hamısı eyni eyni qaydada fəaliyyət göstərir. Bu qaydalar isə peşəkar sürücüləri yetişdirmək, onları müəyyənləşdirmək, avtomobillərin texniki vəziyyətinə obyektiv baxış keçirmək yox, daha çox gəlir əldə etmək uğrundadır. Bu isə bütün hərəkət iştirakçılarını, istər sürücüləri və sərnişinləri, istərsə də piyadaları təhlükə altına atır.

Asiya TV el arasında “MERO” adı ilə məşhurlaşan Qeydiyyat-imtahan və texniki baxış şöbələrində baş verən özbaşınalıqlarla bağlı silsilə araşdırmalara başlayır. Ona görə silsilə araşdırmalar ki, bu sahədə mövcud olan özbaşınalıqları və neqativ halları obyektiv işıqlandırmaq üçün zatən yeganə yol budur. 

Bu qəbildən ilk araşdırmamız texniki baxış zamanı sürücülərin başına gətirilən süründürmələr, kütləvi rüşvətxorluq faktları barədədir.

  Texniki baxış nədir? 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq nəqliyyat vasitələri istehsal edildiyi dövrdən 4 (dörd) il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları dövrdən 10 (on) il keçdikdə isə ildə bir dəfə texniki baxışdan keçməlidirlər. Nəqliyyat vasitələri texniki baxışdan qeydiyatda olduqları ərazi üzrə rayonlararası Qeydiyyat-imtahan və texniki baxış şöbələrində keçməlidirlər. 

Texniki baxış zamanı nəqliyyat vasitələrində yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması, dəm qazı, şinlərin protektoru, işıqların vəziyyəti, təhlükəsizlik kəməri, əyləc sistemi və s. yoxlanılıb, tərtib edilən müayinə aktında qeyd edilir.

Son illər avtomobil qəzaları niyə artıb?

Statistikaya nəzər salsaq görərik ki, ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzaları çoxalıb. Qəzaların artma statistikası ilk növbədə nəqliyyat vasitələrinin çoxalması, tıxaclar üzündən yaranan yol gərginlik göstərilir. Sürücülük vəsiqəsinin verilməsi zamanı meydana çıxan qanunsuzluqlar, sürücülük kurslarının gözardı edilməsi də qəzaları doğuran əsas səbəblərdəndir. Sürücülük vəsiqəsinin daha çox rüşvətlə verilməsinə dair iddialar isə çoxdur.

Digər səbəb nəqliyyat vasitələrinin texniki baxışı zamanı yol verilən qanunsuz hərəkətlərdir. Son bir il ərzində qəza törədən nəqliyyat vasitələrinə nəzər salsaq, onların əksəriyyətinin istismara yararsız olması faktına şahidlik edərik. 

Azərbaycanda texniki baxışı necə həyata keçirilir?

Pandemiyadan öncə nəqliyyat vasitələrinin texniki baxışı müxtəlif sığorta şirkətlərinin işçiləri tərəfindən həyata keçirilirdi. Sürücülər avtomobillərini sığorta etdirərkən sığorta şirkətinin əməkdaşı onlara rayonlararası Qeydiyyat-imtahan və texniki baxış şöbələrinə getmədən nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi təklif edirdilər.

Belə sığorta işçiləri qeyri rəsmi olaraq “MERO”larla əməldaşlıq edir, sürücülərə “əziyyət” vermədən yerindəcə avtomobilləri texniki baxışdan keçirirdilər. Bütün növ nəqliyyat vasitələri üçün texniki baxışın dövlət rusumu 30 AZN olduğu halda bu işbazlar “MERO”ların təyin etdiyi qiymətə əsasən minik avtomobilləri üçün fiziki şəxslərdən 70-140, yük avtomobilləri üçün 90-200 AZN qanunsuz rüsüm alırlar. Hüquqi şəxslər üçün texniki baxış isə daha yüksək məbləğə başa gəlir. Belə ki, qiymətlər minik avtomobilləri üçün 100-150, yük avtomobilləri üçün 160-200 AZN civarında dəyişir.

Moto və yük avtomobilinin qoşqusunun dövlət rüsumu 10 manat olduğu halda onlar da texniki baxışdan 70 manata keçirilir.

Virtual dünyaya səyahət: “WhatsApp”la texniki baxış…

Sərt karantin dövründə “MERO”lar sürücülərin hərəkət məhdudiyətini nəzərə alaraq bu işi biraz da “asanlaşdırdı”. Belə ki, onlar nəqliyyat vasitələrinin texnki baxışını dəllalları vasitəsi ilə “WhatsApp”-la həyata keçirməyə üstünlük verdilər.

Sürücülər heç yerə getmədən şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin texniki pasportunu və mobil nömrəsini sığorta dəllalları vasitəsi ilə “MERO”ya göndərir, bir neçə saat ərzində qarajda olan avtomobillərini “texniki baxışdan keçirdilər.

Həmin ərəfədə müştərilərin çox olmasına görən “MERO”lar şənbə günləri qısa iş gün olmasına baxmayaraq, saat 20:00-a, bəzən isə bazar günləri də işləyirdilər. Hansı ki, daxili təlimata görə, adıçəkilən şöbənin əməkdaşları həftənin ara günləri tam, şənbə günü isə yarım gün işləməlidir. Bazar günü isə ümumiyyətlə iş günü deyil.

Hətta iş o yerə gəlib çatdı ki, bəzi “MERO”larda onlara müraciət edən sürücülərin şəxsiyyət vəsiqələri qarışıq salınır və bir sürücünün şəxsiyyət vəsiqəsi ilə bir neçə sürücü üçün rüsum ödənişi edilirdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə belə “əməliyyat” üstündə cəzalanan, işdən kənarlaşdırılan “MERO” əməkdaşlarının sayı da az olmayıb.

Xərac toplama fəaliyyətini intensivləşdirmək, təhlükəsizliyi təmin etmək məqsədi ilə “MERO” rəisləri rüsum ödənişlərini bank kartları vasitəsi ilə həyata keçirməyə başladılar.  Belə ki, hər gün iş saatının sonunda “MERO” əməkdaşları gördükləri “iş”in pulunu dəllallar vasitəsi ilə yaxın qohumlarının adlarına açılan bank hesabına yüklədirlər. “MERO”ların digər qanunsuz hərəkəti isə öz ərazi dairələrində qeydiyyatda olmayan nəqliyyat vasitələrinin də texniki baxışdan keçirmələridir.

Rüşvət vermədən texniki müayinə mümkündürmü?

Bəs görəsən sürücülər özləri şəxsən avtomobili ilə rayonlararası Qeydiyyat-imtahan və texniki baxış şöbələrində texniki baxışdan keçmələri mümkündürmü? Əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, bu hal faktiki olaraq mümkün deyil. 

“MERO” əməkdaşları texniki müayinə zamanı avtomobillərdən mütləq bir “nöqsan” tapacaq və yekunda sürücüləri qanunsuz ödəniş etməyə məcbur edəcəklər. Lakin bu zaman biraz insaflı davranılır və “daxili qaydalara” görə,   60 AZN miqdarında rüşvət tələb edilir.

Bir çox “MERO”ların müayinə boksları və texniki avadanlıqları yalnız kiçik ölçülü nəqliyyat vasitələri üçün nəzərdə tutulduğu halda burada böyük həcmli yük  avtomobilləri sayılan TIR-lar da “müayinə edilir”. Əslində isə adıçəkilən nəqliyat vasitəsi həcminə görə həmin bokusa girib texniki baxışdan keçməsi qeyri mümkündür. Həmin nəqliyat vasitələrinin boksa girmədən müayinəsi isə mümkünsüzdür.

Növbəti yazımızda “WhatsApp”-la texniki baxışdan keçən avtomobilləri təqdim edəcəyik. 

Qarşı tərəf olaraq Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin də açıqlamasını dərc etməyə hazırıq.


Abunəlik