HESABLAMA PALATASININ RÖVŞƏN MƏMMƏDOV PASİYENTİ

Baxılıb:740
HESABLAMA PALATASININ RÖVŞƏN MƏMMƏDOV PASİYENTİ

2019-cu il yanvarın 15-dən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədrinin səlahiyyətlərini icra etməyə başlayaraq həmin il sentyabrın 4-dən bu təşkilatın sədri təyin olunan Rövşən Raqif oğlu Məmmədovun neqativ əməllərindən çox yazılır,deyilirdi.Amma xeyiri olmurdu,faydası dəymirdi.Fəqət 2021-ci ilin aprelində  Hesablama Palatasının əməkdaşları Azərbaycan Televiziyası və Radiosuna təşrif buyuraraq iyul ayına kimi maliyyə yoxlamasına başladılar.Ümid yarandı ki,nəhayət haqq-ədalət bərqərar olar.Lakin müfəttişlər gedər-getməz Rövşən Məmmədov iyulun 27-də əshabələri ilə məşvərət edərək struktur rəhbərlərinə göstəriş verir ki,qənaət rejiminə keçmək lazımdır.
Beləliklə,şöbələrin,redaksiyaların,studiyaların başçılarına tapşırılır ki,işçilərin qonorarları 30-35 % arası kəsilsin.Avqustdan isə əməkdaşları kütləvi şəkildə məzuniyyətə çıxardırlar.Ezamiyyət pullarının verilməsi dayandırılır.Artıq sentyabrdan qonorarların azaldılmasına başladılır.Hazırda da bu proses davam edir.Ancaq əlaqədar təşkilatlar AzTV kollektivini sanki taleyin ümidinə buraxıblar.Elə olmasa idi biz Hesablama Palatasının sədri Vüqar Gülməmmədovdan daha dəqiq bir açıqlama eşidərdik.Yoxlamanın yekunundan üç aydan çox vaxt keçməsinə baxmayaraq yekun nəticə,qərar açıqlanmır.
Ona görə də Rövşən Məmmədov ruhlanaraq yol verdiyi maliyyə pozuntularının səbəblərini 2015-ci ildə axtarmağa başlayıb.

Hesablama Palatasının sədri deyib ki, audit nəticəsində bəzi maliyyə pozuntuları aşkarlanıb: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarı qəbul edilib. Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul olunub”.

Maraqlıdır,açıqlamada qeyd edilən  “müvafiq Kollegiya qərarı”,”tövsiyə”,”ciddi qərar” hanı,
mətnləri niyə açıqlanmır? Deyilən maliyyə pozuntuları nədir? Niyə qərarın özü ictimaiyyətə təqdim olunmur? Bunları bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının haqqıdır,hörmətli Hesablama Palatasının sədri.Çünki AzTV-yə hər il dövlət büdcəsindən 30 milyon manatdan çox vəsait ayrılır.Dövlət büdcəsi isə bildiyiniz kimi həm də vətəndaşların,əhalinin vergiləri hesabına formalaşır.

Davam edək.Vüqar Gülməmmədov bunu da deyib: “Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub”.

Niyə? Əgər maliyyə hesabatında təhriflərə yol verilibsə,deməli bu əsl maxinasiyadır,qanun pozuntusudur.Səhv ayrı,təhrif başqa.Nə məqsədlə təhrif etdiklərini araşdırmaq,təhrif edənləri aşkar etmək,bu barədə müvafiq orqanlara bildirmək əvəzinə Hesablama Palatasının sədri AzTV mənsublarına hələ tövsiyə də verir: “Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik”.

Aşağıdakı cümləsi ilə isə Vüqar Gülməmmədov Rövşən Məmmədova lap mələk qanadları taxıb: “Müvafiq vaxt verilib, bizdə olan məlumata görə, televiziya rəhbərliyi bu sahədə tədbir görülməsinə başlayıb”.

Yenə sual yaranır.Hansı müddətə möhlət verilib? “Müvafiq vaxt” geniş anlayışdır.Cənab Gülməmmədov,axı söhbət adi bir dükanın və ya bazar piştaxtasının əyər-əskiyindən yox,dövlətin əsas təbliğat maşını olan AzTV-dəki ciddi maliyyə pozuntularından gedir.Bir az dəqiq olsanız,pis olmaz.

Bundan başqa,maliyyə pozuntusuna,maliyyə hesabatlarında təhriflərə yol verənlər məgər nəsə müsbət tədbir görə bilərlər? Ən əsası da bu xislətdə adamları cəzalandırmaq əvəzinə onlara vaxt vermək hansı məntiqə uyğun gəlir? Bu əsl “oxu atıb yayı gizlətmək”dir.

Cənab Rövşən Məmmədov çox güman yuxarıda sadalananları özü üçün tezis kimi götürərək özünə sərf edən şəkildə tətbiq edir.Nədənsə Rövşən müəllim belə məsələlərdə sadə işçiləri yada salıb qabağa verərək onların aldıqları cüzi məbləği də kəsib öz səhvlərinin bədəlini ödəyir.Amma üç il ərzində büdcənin pullarını necə gəldi sovuranda bu günü düşünmürdü.Üç il ərzində dövlətin büdcə pulları hesabına özünü “yaxşı oğlan” kimi göstərən Rövşən Məmmədov  bəslədiklərinə əziyyət vermir,Vüqar Gülməmmədovun dediyi maliyyə pozuntuları nəticəsində yaranmış kəsiri sadə əməkdaşların qazancını kəsməklə qapayır.Ola bilməz ki bu barədə dövlət qurumlarının,o cümlədən Hesablama Palatasının məlumatı olmasın.Amma nədənsə tam sükut hökm sürür.

Rövşən Məmmədov,2019-cu ildən bu günə kimi kimə nə qədər qonorar yazıldığını hamı yaxşı bilir,Hesablama Palatası da,digər dövlət orqanları da.Heç nəyi gizlətmək,ört-basdır etmək mümkün deyil.Səbəbi 2015-ci ildə axtarmaqla özünüzü bir daha gülüş obyektinə çevirməyin.Hər il üçün dövlət büdcəsində hər bir təşkilatın payı müəyyənləşir.AzTV-nin də həmçinin.Hər il dövlət “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nə 30 milyon manat civarında maliyyə ayırır.

Rövşən Məmmədov,2019-cu ilin  əvvəlini yada salın.Lap dəqiq tarix deyək.14 fevral 2019-cu il.Dövlət başçısının sərəncamı ilə AzTV-yə əlavə olaraq 3 milyon AZN ayrılır.Bundan sonra da dövlət tərəfindən maliyyə vəsaitləri ayrılır.Bunu siz Rövşən Məmmədov bir neçə dəfə öz əməkdaşlarınızın qarşısında ayaqüstü iclaslarınızda demisiniz.Sədr əvəzi olanda ilk günlər işçilərə hansı vədləri vermişdiniz? Ola bilər ki unutmusunuz.Yadınıza salaq.
Demişdiniz ki,mən söz verirəm ki,AzTV əməkdaşı hələki ən azı İTV işçisi qədər qonorar alacaq,hətta onlardan da çox.Vədinizə əməl etdiniz.Amma müəyyən adamlar üçün.Özünüzün və həyat yoldaşınız Ramilə Məmmədlinin çevrəsində olub AzTV-yə gətirilən qohum-əqrəba,dost-tanışlarınız üçün…

AzTV-nin “Sosial media və ictimaiyyətlə əlaqələr” şöbəsi bildirib: “…struktur islahatlarının aparılması və bir-birini təkrarlayan artıq ştat vahidlərinin ləğv olunması istiqamətində işlər davam etdirilir. Eyni zamanda müəyyən postlarda vəzifə dəyişikliyi aparılır”.

Bu postlar da 2015-ci ildə yaradılıb? Gəlin bəzilərinə nəzər salaq.Rövşən Məmmədov rəhbərliyə keçəndən sonra nyeni ştat vahidlərinin açıldığını həyat yoldaşının rəfiqəsi,Kadrlar departamentinin rəisi İlhamə Hüseynova da təsdiq edə bilər.Bəzilərini bilin.Rövşən Məmmədovun dövründə AzTV-nin İnformasiya Proqramları Studiyasında bədii rəhbər,baş rejissor,rejissorlardan əlavə yeni ştatlar-məsul rejissor və iki bədii rəhbər müavini,bir neçə direktor müavini ştatı açılıb.Hələ kimlərisə baş redaktor,direktor etmək üçün yaratdığı yeni redaksiyaları demirik.Bu barədə bir neçə dəfə yazılıb.Gündə 20-25 dəqiqəlik xəbər buraxılışı kimi efirə verilən “region xəbərləri”,”iqtisadiyyat xəbərləri”,”novosti”,”news” üzərində baş redaksiyalar düzüb-qoşan Rövşən Məmmədov başa düşmürdü ki,bu yolla büdcə talanır? Digər şöbələrdən də misal çəkə bilərik.Elə özünün işlədiyi İctimai-Siyasi Proqramlar Studiyasına nəzər salaq.Rövşən Məmmədov orada da yeni ştatlar açıb.Məsul rejissor,baş redaktor müavinləri.Rövşən müəllimin bu şahmatvari gedişləri isə səbəbsiz olmayıb.Öz adamlarına qonorardan başqa maaş da verə bilmək üçün və öz xeyrini güddüyünə görə bu əməllərə imza atıb.Həmişəki kimi sizə iki əsas departamenti nümunə göstərdik.Digərlərində də eyni vəziyyətdir.Hamısından misallar çəksək,gərək Rövşən Məmmədovdan kitab yazaq.Davamını dövlət vəsaitinə,maliyyəyə,
sosial müdafiəyə məsul dövlət idarələri və hüquq-mühafizə orqanları araşdırsa,yaxşı olar.Ondan sonra çox suallara aydınlıq gələcək.İndi isə bizim Hesablama Palatasına  bir sualımız var.Yaranmış borcu AzTV sədri Rövşən Məmmədov,yoxsa sadə işçilər ödəməlidirlər? Biz düşünürük ki məsələnin həlli bu sualın cavabından asılıdır.

Pərvin Abışova AzTimes az


Abunəlik