Bu gün 11 oktyabr “Beynəlxalq Qızlar Günü”dür- Deputatdan MÜNASİBƏT
Bu gün 11 oktyabr “Beynəlxalq Qızlar Günü”dür. Mövzu ilə bağlı millət vəkili Hicran Hüseynova AzTimes.az-a münasibət bildirib.
” BMT-nin Baş Assambleyasının qərarı ilə belə bir tarixin keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir. Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə peşəkar mütəxəssis olmaq üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Qeyd edim ki, 120 il bundan əvvəl, oktyabrın 7-də Azərbaycan ilk dünyəvi qızlar məktəbi açılmışdır. Bütövlükdə savadlılıq 100%-ə çatdırılıb. Bu gün qlobal şəraitin yaratdığı yeni çağırışlar bir daha qızların təhsili, əmək bazarında rəqabətədavamlılığı, peşəkarlığının artıtırlması məsələlərini aktuallaşdırır. Beynəıxalq hesabatlarda göstərilir ki, tələblər və bacarıqlar arasında fərqlər üzündən 2020-ci ildə İKT sahəsində 900 min ixtisaslı kadr çatışmazlığı meydana gələ bilər. Əlbəttə dünyanın bir parçası olan Azərbaycanda bu məsələlər mühüm əhəmiyyət kəsb edir. Və buna görə də bu istiqamətdə vacib addımlar atılır.
Ölkədə BMT-nin İnkişaf Proqramı ilə bərabər həyata keçirilən “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramı çərçivəsində tələbə və gənc xanımların təhsil və karyera sahəsində yeni tələblərin öhdəsindən gəlmək üçün mühüm töfhədir. Ölkənin 4 şəhərində (Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində) məzun və tələbələrin əmək bazarına səmərəli inteqrasiya olunması məqsədi ilə respublikanın 14 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilmişdir. Ölkədə startupların sayı, o cümlədən qadınların yaratdıqları startupların sayı artmaqdadır.Azərbaycanda hər 100 təhsil alana 47 qadın və 53 kişi düşür. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,4 faizi, peşə təhsili müəssisələrində şagirdlərin 45,7 faizi, orta ixtisas təhsil müəssisələrində tələbələrin 65,2 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 49,2 faizi qızlardır. Magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir.Azərbaycan qadınları çətin sayılan neftçıxarma, kosmik tədqiqatlar, kibernetika, siyasi elmlər və s. sahələrdə uğurla çalışırlar. Beynəlxalq hesabatlara əsasən qeyd edilir ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Ölkəmizdə isə bu göstərici orta dünya göstəricisindən 5 % faiz yuxarıdır, yəni 40 % təşkil edir. Bu sahədə işləyən qadınların sayı da artmaqdadır. Belə ki, əgər 2005-ci ildə peşə, elmi və texniki fəaliyyət ilə 14 811 qadın məşğul olurdusa, 2020-ci ildə onların sayı 25 503 olmuşdur. Həmçinin, qadınlar arasında internet və mobil telefon istifadəçilərin də sayı armaqdadır. Əgər 2008-ci ildə qadınların 12,6 %-i internetdən istifadə edirdisə, 2020-ci ildə bu göstərici 83,4%-ə yüksəlmişdir. 2013-cu ildə qadınların 66,6%-i mobil telefonlardan istifadə edirdisə, 2020-ci ildə bu göstərici 75,1%-ə qalxmışdır. Lakin bununla yanaşı, bizi hələ də təhsildən yayınan, erkən yaşda nikaha məcbur edilən qızların taleyi narahat edir. Baxmayaraq ki, təhsil bacarıqları üzrə aşağı yaşlarda qızlar oğlanlardan daha nəticə göstərir, ancaq sonrakı yaş mərhələlərində hələ də qızların oğlanlardan geri qaldığını müşahidə edirik. Əlbəttə ki, bu halların qarşısını almaq bizim hər birimizin borcudur.”
AzTimes.az