Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçularının anım tədbiri keçirilib-FOTOLAR

Baxılıb:650
Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçularının anım tədbiri keçirilib-FOTOLAR

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda mərdliklə döyüşərək şəhid olmuş DİN Daxili Qoşunlarının hərbi qulluqçuları baş çavuş İbrahim Raqub oğlu Cəbrayıllının və çavuş Hilal Sabir oğlu İmanzadənin anım mərasimləri keçirilib.

AzTimes.az xəbər verir ki, Oktyabr ayının 1-də Zərdab rayonun Məlikumudlu kəndində keçirilən İ.Cəbrayıllının anım mərasimində Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı üstünə çiçəklər düzüb, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım tədbirində çıxış edən, polis general-mayoru İ.Hümbətov Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb.

Oktyabrın 2-də general-mayor İslam Hümbətov Beyləqan rayonunun Yeni Mil qəsəbəsində Daxili Qoşunların şəhid hərbi qulluqçusu Hilal İmanzadənin anım mərasimində iştirak edib. Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti mərd döyüşçümüzün məzarını ziyarət ediblər, üstünə gül-çiçək dəstələri düzüblər.

Mərasimdə şəhidin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Daha sonra general-mayor İ.Hümbətov Beyləqan rayonundan olan şəhidlər Elnur Vəliyev və Dünyamin Tağızadənin ailələrini də ziyarət edib, şəhidlərimizin hünərinin tariximizə əbədilik həkk olunduğu vurğulanıb.

Qeyd edəki ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə DİN Daxili Qoşunların hərbi qulluqçuları baş çavuş İbrahim Cəbrayıllı ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə”, çavuş Hilal İmanzadə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər.


Abunəlik