Cəbhədə nə baş verir?
“Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etməsi və Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşməsi erməni tərəfinin təxribatına verilən ən adekvat cavabdır. Bu həm də qarşı tərəfə ölkəmizin bu və bu kimi məsələlərdə nə qədər qərarlı olduğunu göstərmiş olacaq”.
AzTimes.az xəbər verir ki,bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Azərbaycan hərbçilərinin sentyabrın 21-də Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşməsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan ordusunun mümkün mərtəbə irəliləməsi və bayrağın dəyişdirilməsi təkidlə tələb etməsi çox doğru addımdır:
“10 noyabr bəyanatından sonra sülhməramlılar erməni silahlı birləşmələrini tərkisilah edib ərazidən çıxartmalı idi. Bu o deməkdir ki, Qarabağın dağlıq hissəsində heç bir separatçı qondarma qurum bayrağı olmamalıdır. Xüsusilə də hansısa bir monastır üzərində.
Aydın məsələdir ki, qarşı tərəf bunu edərək rəsmi Bakını qıcıqlandırmağa çalışır. Lakin bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanı bu tərzdə qıcıqlandırmaq sülh prosesinə mənfi təsir edəcək”.