Bakının azad olunmasından 103 il keçir

Baxılıb:256
Bakının azad olunmasından 103 il keçir

103 il bundan əvvəl sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalçılarından azad etmişdir. Bu tarixi gün öz müstəqilliyini elan etmiş gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edir. Çox mürəkkəb və çətin bir şəraitdə olan Azərbaycanın köməyinə qardaş Türkiyə çatdı. Və 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. Maraqlıdır ki, 1915-ci ildə Çanaq qala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Məhz bu tarixi hadisələr Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” devizinin əsl mahiyyətini açır. Deyirlər, tarix təkrar olunur. O dövrdə də bir sıra dövlətlərin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Türkiyə qardaş köməyini əsirgəmədi və 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Bununla da Türkiyə Azərbaycan dövlətçiliyinə ilk qardaş töhfəsini verdi. Elə müasir dövrdə də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olmuşdur. Müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyin zaman da Türkiyə yanımızda olub, bizim haqq səsimizi bütün səviyyələrdə ictimailəşdirmişdir. 30 illik erməni işğalından sonra Azərbaycanın haqq savaşına Türkiyə mənəvi və siyasi dəstək verməklə, bu dəfə də öz qardaşlıq missiyasını yerinə yetirdi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. “Şuşa Bəyannaməsi” isə bu qardaşlığı əbədi etdi . Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu tarixi hadisə Cənubi Qafqaz regionunda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların pozulması deməkdir. Artıq Azərbaycan-Türkiyə birliyi ilə davam edəcək yeni regional münasibətlər platforması formalaşmaqdadır.
Əfsuslar olsun ki, uzun müddət bu tarixi hadisə qeyd olunmurdu. Lakin Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də müxtəlif tədbirlər keçirilir, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Bu Azərbaycan tarixində xüsusi siyasi, mənəvi əhəmiyyəti olan bir gündür və xalqımız heç vaxt qardaş köməyini unutmayacaq, şəhidləri böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlayacaq.


Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova,AzTimes.az


Abunəlik