Politoloqdan irad: “Amerikanı yenidən kəşf etdiniz?!”
Gündəmi zəbt edən diplomatın dinlənilməsi olayına demək olar ki, gün ərzində hamı fikir bildirdi. Kimi ironiya dolu statuslar yazdı, kimi video-çarx hazırladı. Tədqir edənlər də oldu, qınayanlar da. Maraqlı fikirlər və analizlərlə qarşılaşdıq.
Azərbaycanın tanınmış politoloqu Nəzakət Məmmədova isə bu haqda fikirlərini şəxsi facebook səhifəsində bildirib. Xanım fikirlərini çox gözəl və geniş şəkildə ifadə edib. Statusu olduğu kimi sizlərə təqdim edirik.
“ABŞ səfirliyi diplomatının dinlənilməsinin revanşını aldı. Səfirlik 19 oktyabr mitinqində zorakılıq olduğunu deyərək, aksiyaya müdaxiləni qəti pislədi. Fövqəldövlətlə belə şey etmək əjdaha ilə çilingağac oynamaqdır. Diplomatın dinlənilməsi ciddi beynəlxalq skandala səbəb olacaq qanun pozuntusudur, üstəlik, media vasitəsilə bunun yayımlanması qanun pozuntusunu etiraf etməkdir. ABŞ belə şeyləri bağışlamır. Daxili siyasi mübarizə naminə supergücün diplomatının dinlənilməsini etiraf etmək çox ciddi səhv idi. Həm də ortada ciddi bir kompromat olmadığı halda. Bunun ağır nəticəsini dövlətimiz çəkəcək. Bunu edənlər bu cəsarəti haradan alıblar?! Tənqid edirəm deyə özüm bəzilərinin tənqidinə tuş gələ bilərəm, amma bu, məni qorxutmur. Soruşa bilərsiniz: sən mövqeyini dəyişmisənmi?! Xeyr, əsla! Amma nə olursa-olsun, həqiqəti söyləmək əsas həyat prinsipimdir, əqidə və şərəf məsələsidir! Mənim üçün bir fikir söyləyəndə iki ali dəyər, əsas mənəvi meyar var: Göydə Allah, yerdə daxilimdəki vicdan və ədalət hissi. Mən hakimiyyətin rəsmi və ya qeyri-rəsmi, leqal, yaxud illeqal təbliğatçısı deyiləm, olmamışam, belə bir planım da yoxdur, heç bir maddi, vəzifə gözləntim yoxdur ki, bu səbəbdən qatıq qara olduğu halda ona ağ deyim. Hadisələrə obyektiv, ədalətli münasibət bildirmək mənim insan və vətəndaş olaraq borcumdur və mən hər zaman vicdanımın səsinə qulaq asıram, əksini etməyə cəhd göstərsəm daxilən əzab çəkərəm və özümü bağışlamaram, özümə hörmət hissim itər, öz gözümdən düşərəm. Kiminsə xoşuna gəlib-gəlməmək kimi bir əndişəm yoxdur, daxilən azadam, ruhumu maddi və mənsəb gözləntiləri ilə buxovlamamışam. Mənim üçün bir də çox böyük, müqəddəs dəyər var, onun zərərinə olan heç bir fikri, şəxsi dəstəkləməmişəm, bundan sonra da 100 il də qalsa, etmərəm. Bu dövlət və milli marağımızdır! Bu vətən hamımızındır, hamının da onun maraq və mənafeyi xeyrinə fikir yürütmək haqqımız var. Kiminsə xoşuna gəlib-gəlməyəcəyi məni qayğılandırmır. Odur ki, deyirəm: öz bəsit maraqlarınız naminə dövlətin marağını ayaqlar altına atmayın, qanunsuzluq etməyin və ya etdiyinizi etiraf edib milli maraqlara zərbə vurdurmaq üçün kimlərəsə bəhanə verməyin. Ölkəni Amerika, yaxud başqa böyük gücün ağzına atmayın! Guya telefon danışığı olmasaydı, kimin haradan təlimat aldığı məlum deyildi ki?! Amerikanı yenidən kəşf etdiniz?!
AzTimes.az