“Taliban” Qarabağa görə Ermənistan və İrana 72 saat vaxt verdi-TƏXRİBAT/VİDEO
“Sizə 72 saat vaxt veririk. Qarabağa gedən yük maşınlarını dayandırmasanız, İranı yerlə yeksan edəcəyik. İran, başda cənubi azərbaycanlılar olmaqla oradakı xalqların öz müqəddəratlarını təyin etmələrinə imkan ver!”
Kadrlarda danışan “Taliban” mənsubudur.
“Taliban” rəsmilərinin toplantısının əks olunduğu videoda masa arxasına əyləşmiş nüfuzlu taliblər müzakirələr aparırlar.
Və bu zaman kadrarxası səs emosiyaların səviyyəsini daha da artırır: “Biz Xankəndindən erməniləri qovub çıxara bilərik. Niyə axı biz müsəlman sünni qardaşlarımızdan kömək istəmədiniz? Yenə deyirəm, bizim sözlərə heç bir şəkkiniz olmasın. Məgər biz deyildik Birinci Qarabağ Müharibəsində siz Azərbaycana döyüşçü mücahidlərimizi göndərən?!”
Bu video əvvəl İnstagram-da peyda olub, daha sonra digər sosial şəbəkələrdə ildırım sürətilə yayılıb. Videonu, daha doğrusu, videomontajı hazırlayıb yayanın da məqsədi guya “Taliban”ın Azərbaycanı belə “dəstəkləməsi”, üstəlik də İranı hədələməsidir.
Videoya baxan kimi şübhələndim, çünki kadrda danışan “Taliban” rəhbərlərindən biri, uzun illər boyu hərəkatın Qətərin paytaxtı Dohanadakı Siyasi Ofisininin liderləri arasında yer alan Şer Məhəmməd Abbas Stanikzaydır.
Stanikzay illərdir ki, “Taliban”ın “baş vasitəçisi və diplomatı” kimi tanınır.
Ensiklopedik biliklərə malik, geniş erudisiyalı, 6 dildə sərbəst danışan Şer Məhəmməd “İrana 72 saat vaxt veririk”, “Qarabağa döyüşçü mücahidlər göndərməyə hazırıq” deyəcək qədər diletant, avantürit və yumşaq desək, idiotdurmu?
Sosial şəbəkələrdə yayılan, çoxlu bəyənmə və şərh toplayan bu videomontaj saxtadır.
Saxtakarlıq da çox bəsitcəsinə, primitivliklə edilib və aydındır ki, kadr arxasında danışan adam nə fars, nə dari, nə də puştu dillərini bilir.
Əsla bilmir və üstəlik, “Taliban” barədə ümumiyyətlə, hansısa təsəvvürə malik deyil.
Kadrlar 2019-cu ilin fevralın 5-də, Rusiyanın paytaxtı Moskvada keçirilmiş “Sülhün müzakirəsi üçün əfqanlararası görüş” adlı danışıqlar zamanı çəkilib.
Həmin danışıqlarda Əfqanıstanın o dönəmdəki hakimiyyətinin, “Taliban”ın, Əfqanıstandakı nüfuzlu müxalifət nümayəndələrindən və s. ibarət idi.
Əfqanıstanın 38 nəfərlik siyasi nümayəndə heyətində ölkənin sabiq prezidenti Həmid Kərzay, milli təhlükəsizlik məsələləri üzrə sabiq müşavir Hənif Atmar, sabiq prezidentliyə namizəd Məhəmməd Mohəkkik, sabiq qubernatorlar Məhəmməd İsmayıl Xan və Ətta Məhəmməd Nur, habelə “Taliban” təmsilçiləri vardı.
Primitiv şəkildə montaj edilərək “Taliblərin İranla erməniləri hədələməsi” formatına salınan kadrlarda Şer Məhəmməd Abbas Stanikzay Əfqanıstanda o vaxt Ramazan ayı ilə bağlı atəşkəsin şərtlərinin məhz prezident Əşrəf Qəninin birbaşa göstərişi ilə hərbçilər tərəfindən pozulmasından və bunun yolverilməzliyindən danışır.
Montaj edilmiş videodakı “döyüşçü mücahid”, “şəkk” və s. kəlmələr isə, ümumiyyətlə, “Taliban” mənsublarının lüğətində olmayan ifadələrdir.
Göründüyü kimi, bəhs olunan video aşkar feykdir.
Özü də çox primitiv, bəsit bir feyk.
Elçin Alioğlu / Milli.Az