Ana ilə körpə qızının ölümünə millət vəkilindən REAKSİYA

Baxılıb:777
Ana ilə körpə qızının ölümünə millət vəkilindən REAKSİYA

Bir neçə gündür ictimaiyyətdə geniş müzakirəyə səbəb olan ananın övladı ilə zorakılıq səbəbindən özünü yaşadığı evin damından ataraq intihar etməsinə reaksiyalar səngimir. Məsələ ilə bağlı AzTimes.az-a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova zorakılığın müxtəlif formalarının aradan qaldırılması işində hər bir kəsin fəal olmaq zorunda olduğunu bildirib:

“Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadına qarşı zorakılıq törədilir, qadın xəsarət alır və ya xüsusi amansızlıq qətlə yetirilir. Bir çox zorakılıq halları isə uşaqların gözü qarşısında baş verir. Uşaqlar həm zorakılığın şahidi, həm qurbanına çevrilir. Bu günlərdə gənc ana və körpə qızının ölümü ilə nəticələnən hadisə bir daha bizi düşünməyə vadar edir. Nə üçün insan bu qədər amansızdır? Nə üçün öz doğmasına qarşı bu qədər nifrət edir, onu zorakılığa məruz qoyur? Çoxsaylı maarifləndirmə, məlumatlandırma işlərinə baxmayaraq, yenə də belə hallar baş verir. Niyə? Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Fikrimcə, ən əsas səbəb dünyagörüşü, təfəkkür məsələsidir.
Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qadınlara qarşı zorakılığın mühüm nəsillərarası fəsadları da var. Bunların sırasında körpə ölümü səviyyəsinin yüksək olması, uşaqların təhsil göstəricilərinin aşağı düşməsi, onların psixi, psixoloji və fiziki sağlamlıqlarında problemlərin yaranması, uşaqların zorakılığa məruz qalma və ya yetkinlik dövründə zorakılıq törətməsı, boşanma səviyyəsinin artması və ailələrin dağılması, qohumlararası münasibətlərin korlanması və s. təsirləri göstərmək olar. Bu tendensiyanın davam etməsi gələcəkdə bir sıra demoqrafik problemlərinin, eyni zamanda, genefonda mənfi təsirlərin və daha ağır fəsadların yaranmasına səbəb ola bilər.
Hər bir zorakılıq halı ciddi qanun pozuntusudur. Ana və körpə qızının ölümü ilə nəticələnən hadisə ilə əlaqədar aidiyyəti qurumlar öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirməkdədir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən işlər görülür. Lakin bu istiqamətdə həyata keçirilən layihələrin daha da gücləndirilməsinə ehtiyac var.
Bir daha qeyd etmək istəyirəm ki, qadına, uşağa, ümumiyyətlə, hər hansı şəxsə qarşı törədilən zorakılıq təkcə ailə məsələsi deyil, bütövlükdə cəmiyyətin problemidir. İstənilən zorakılıq halı yolverilməzdir. Hamımız bu halların baş verməməsi üçün məsuliyyət daşıyırıq. Zorakılığın müxtəlif formalarının aradan qaldırılması işində hər birimiz fəal olmalı, səylərimizi birləşdirməliyik!”


Abunəlik