Deputat Sumqayıtda havanın zəhərlənməsinə SƏRT etirazını bildirdi- MÜRACİƏT

Baxılıb:760
Deputat Sumqayıtda havanın zəhərlənməsinə SƏRT etirazını bildirdi- MÜRACİƏT

Sumqayıtda məişət tullantılarının yandırılması ilə bağlı ekologiyanın korlanması ,pandemiya ilə mübarizə aprılan bir zamanda insanları zəhərləyəcək, xəstəliklərə yol açan hava çirklənməsinə etiraz olaraq Milli Məclisin 41 saylı Sumqayıt seçki dairəsindən millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələ ilə bağlı sakinlərlə görüşərək onların şikayətlərini dinləyib. Problemlərlə tanış olduqdan sonra xanım millət vəkili bir neçə quruma yazılı müraciət edib, Milli Məclisdə məsələnin üç dəfə qaldırılmasına nail olmuşdur. Müraciətdə deyilir:

Hörmətli sumqayıtlılar, əziz seçicilər!

Sumqayıt Məişət Poliqonunda baş verən yanğın və nəticədə şəhərin ekoloji vəziyyətinin daha da kəskinləşməsi, insanların sağlamlığına mənfi təsiri hər birimizi ciddi narahat edir.
Aparılan torpaqlama işləri və baş vermiş hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırması, məsul hüquqi şəxsi cərimələməsi müvəqqəti xarakter daşıyır və problemin həlli deyil. Bu ciddi sosial-ekoloji problemdir. Qeyd etməliyəm ki, yaranmış problemlə bağlı Sumqayıtı təmsil edən 4 deputatın hər biri ayrılıqda çıxışlar edib, aidiyyatı qurumlar qarşısında məsələ qaldırıb. Bu problemin birdəfəlik həll edilməsi üçün şəhərdə Məişət Tullantıları Zavodu tikilməlidir. Bununla əlaqədar olaraq Milli Məclisdə büdcə müzakirələri zamanı təkliflə çıxış etmişəm. Eyni zamanda Sumqayıt Məişət Tullantıları Zavodunun tikintisi xərclərini büdcə layihəsinə yaxud investisiya proqramlarına salınmasına köməklik göstərilməsi ilə əlaqədar müvafiq qurumlara rəsmi müraciət ünvanlanmışdır.
Biz yaxşı bilirik ki, məişət tullantıları bir tərəfdən insan sağlamlığına zərər vurur, ətraf mühiti çirkləndirir, amma eyni zamanda sənaye üçün də güclü xammal resursudur. İnkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda məişət tullantılarının emalı, xammal kimi istifadə olunma potensialı olduqca aktual məsələdir. Ölkə başçısı 2008-ci ildə Balaxanı Məişət Tullantıları Zavodunun açılışındakı nitqində xüsusi olaraq İqtisadiyyat Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırmışdır ki, bir neçə yerdə belə sənaye kompleksləri yaradılsın, o cümlədən – Sumqayıt şəhərində də. Sumqayıtın ekoloji probleminin və onun sakinlərinin sağlamlığı ilə bağlı təhlükəsizlik təminatını həll etmək üçün şəhərdə Məişət Tullantıları Zavodunun tikilib, istifadəyə verilməsi artıq günün vacib məsələsinə çevrilmişdir. Zavodun tikilməsi həm də əlavə iş yerlərinin yaranmasına səbəb olacaqdır.
İnanram ki, tezliklə bu problem köklü şəkildə həll olunacaqdır .

AzTimes.az


Abunəlik