“Peyvənd üçün yalnız bir mütləq əks göstəriş var” – Nazirlik rəsmisi

Baxılıb:304
“Peyvənd üçün yalnız bir mütləq əks göstəriş var” – Nazirlik rəsmisi

Nabil Seyidov: “Peyvənd zamanı yan təsir riski mümkündür, amma adi “Parasetamol” da ciddi nəticələrə səbəb ola bilər”

Son vaxtlar Azərbaycanda koronavirusa yoluxma hallarında sürətli artım müşahidə olunur. Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri AYNA-ya müsahibəsində bunun nə ilə əlaqəli olduğu və ölkədə peyvəndləmənin necə getdiyi barədə danışıb:

– Son məlumatlara görə, Azərbaycanda 5 milyon 500 min insan peyvənd olunub. Bunlardan 3 milyon 200 mininə 1-ci doza, 2 milyon 300 mininə hər iki doza vurulub. Və hər gün peyvənd edilənlərin sayı 30, 40, 50 min nəfər artır. Misal üçün, 11 avqustda 65 min insan peyvənd edildi. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 3 milyon uşaq var və ciddi xəstəliklərə və ya allergiyaya görə peyvənd oluna bilməyən insanlar da var. Təxminən 400 min insan rəsmi olaraq koronavirusdan xəstələnib. Amma hələ də xəstələnənlər və heç yerdə qeydiyyatdan keçməyənlər də var. Xəstəliyi asimptomatik olduğu üçün, onlar ya xəstəlikdən əziyyət çəkirdilər, ya özünümüalicə ilə məşğul olublar, ya da xəstələndiklərini bilməyiblər. Onlardan savayı, təxminən peyvənd edilməmiş və ya xəstələnməyən 3 milyon insan var ki, onlar virusun yayılması üçün yaxşı bir zəmin hesab edilirlər.

Ailə Həkimi-Dr. Nabil Z. Seyidov, PhD

Bu insanlar nəinki özlərini müdafiə etmirlər, həm də virusu daha geniş yaya bilərlər. Bu, o qədər də böyük bir qrup deyil, ancaq virusun inkişafına davam etməsi üçün kifayətdir. Vəziyyəti keçən ilin yaz, yay, noyabr-dekabr ayları ilə müqayisə etmək lazımdır, bir gündə, ciddi karantinə baxmayaraq, 5 mindən 6 minə qədər yoluxmuş insan qeydə alınırdı. İndi ciddi karantin olmamasına və toyların keçirilməsinə baxmayaraq, gündəlik olaraq, 2 min civarında yoluxmuş şəxs qeydə alınır. Bu, aşılanmanın effektivliyini, seçilmiş strategiyanın düzgünlüyünü bir daha sübut edir.

Ancaq əhali başa düşməlidir ki, peyvəndlə yanaşı fərdi qorunma qaydalarına riayət etməyə, xüsusən də izdihamlı yerlərdə, qapalı otaqlarda, ictimai nəqliyyatda tibbi maskalar taxmaq lazımdır. Təəssüf hissi ilə son günlər çoxdan görmədiyim bir halı müşahidə edirəm: bir çox sərnişin, üstəlik yaşlılar da daxil olmaqla, müxtəlif yaşda olan sərnişinlər avtobuslarda maskasız otururlar.

– Peyvəndləmənin sürətini necə qiymətləndirirsiniz?

– Peyvənd kifayət qədər fəal şəkildə aparılır. Dünyadakı vəziyyəti, iki fərqli istiqamətdə gedən məlumatlandırma kampaniyası – peyvəndlərin əleyhinə və lehinə, interneti həyəcanlandıran saxta xəbərləri nəzərə alsaq, gündəlik 30-50 min arasında peyvənd olunma sayı yaxşı temp hesab edilə bilər. Bu rəqəm onu deməyə əsas verir ki, insanlar fərqli mənbələrdən ziddiyyətli məlumatlara baxmayaraq, peyvəndin lazım olduğunu başa düşürlər. Peyvənd infeksiyanın yayılmasını ləngidir. Azərbaycanda Gürcüstan, Rusiya və Türkiyədən fərqli olaraq, infeksiyanın yayılması sürəti çox aşağıdır. Xüsusən də bu yaxınlarda çox sayda insanın iştirak etdiyi toyları yenidən keçirməyə başladıqlarına baxmayaraq. Ona görə ki, bizim peyvənd effektliliyimiz və aşılananların sayı faiz baxımından Rusiya, Türkiyə və İrandan daha çoxdur.

– Hazırkı peyvəndlər “Delta” və “Delta-plus” kimi yeni ştamlara qarşı təsirlidirmi?

– Bunlar yeni ştamlar deyil. Birincisi ötən ilin dekabrından, ikincisi isə bu ilin mart-aprel aylarından məlumdur. Peyvəndlər yaradılarkən və sınaqdan keçirilərkən bu ştamlar artıq var idi. Son zamanlar ABŞ-da “Yota” ştammının yayıldığı barədə məlumatlar ortaya çıxdı, lakin bu da yeni bir növ deyil. Avropa və Amerikada aparılan son tədqiqatlar bir daha sübut etdi ki, “Pfizer” və ya “Vaxzevria” (Astrazeneca) ilə iki dozalı peyvənd “Delta” ştamından 88%-dən çox qoruma təmin edir. Çin peyvəndi ilə bağlı dəqiq elmi dəlillər yoxdur. Ancaq bəzi digər ölkələrdə olduğu kimi, Azərbaycanda da peyvəndləmənin əsasən Çin peyvəndi ilə aparıldığını nəzərə alsaq, “Delta” ilə yoluxmada güclü sıçrayışlar aşkar edilməyib. Müəyyən bir artım var, çünki bu növ daha yoluxucu olsa da, xoşbəxtlikdən Çin peyvəndi ona qarşı təsirlidir. Çin peyvəndinin üstünlüyü onun ölü virus olmasıdır ki, bu da təkcə spayk-zülalına deyil, həm də bu virusun bir çox digər komponentinə qarşı toxunulmazlıq yaradır. “Vaxzevria”, “Pfizer”, “Moderna”, “Sputnik V” yalnız antigen spayk-zülalını ehtiva etdiyi üçün spayklara qarşı toxunulmazlıq yaradır.

Fərqli ölkələrdən alınan məlumatlar mövcud olan bütün peyvəndlərin virusdan yaxşı qornduğunu göstərir. Ancaq aydın şəkildə başa düşməliyik: bu mərhələdə heç bir peyvənd infeksiyalaşmanın qarşısını almır. Peyvənd xəstənin xəstəxanaya yerləşdirilməsinin və ölümünün qarşısını alır. Bir insan aşılanırsa və xəstələnirsə, bədəni virusla tez və effektiv mübarizə aparacaq. Peyvənd olunmayan və xəstə olmayanlar virusa dözməkdə çətinlik çəkirlər. “Delta” və “Delta-plus”un daha yoluxucu olduğunu nəzərə alaraq, əhalini mümkün qədər tez aşılanmağa, özlərini, sevdiklərini və bütövlükdə bütün cəmiyyəti qorumağa çağırırıq.

– Kimə əlavə gücləndirici peyvənd dozası lazımdır?

– Peyvənddən bir müddət sonra və ya koronavirus yoluxmadan sonra immuniteti zəif olanlara. Müəyyən dərman qəbul edən və ya müəyyən xəstəliklərdən əziyyət çəkən, bunun nəticəsində toxunulmazlığı sürətlə aşağı düşən və yaşlı insanlar üçün də lazımdır. Üçüncü dozada hansı peyvəndin vurulmasının əhəmiyyəti yoxdur.

– Peyvəndləmə üçün əks göstərişlər barədə nə deyə bilərsiniz?

– Əvvəlcə qeyd etmək istərdim ki, peyvənd zamanı yan təsir riski var, ancaq adi “Parasetamol” belə, ciddi nəticələrə səbəb ola bilər. Ancaq peyvəndlərin ciddi fəsadlarının son dərəcə nadir olduğu sübut edilib ki, onların təhlükəsizliyi müxtəlif xəstəliklər üçün qəbul etdiyimiz bir çox dərmanlardan daha yüksəkdir. Peyvənd üçün yalnız bir mütləq əks göstəriş var – peyvənd komponentlərinə allergiya və əvvəlki peyvəndlərə allergiya. Nə digər dərmanlara allergiya, nə qida allergiyası, nə də astma əks göstəriş deyil. Nisbi (müvəqqəti) əks göstərişlər də var. Onların spektri daha genişdir və xroniki xəstəliklərin kəskin mərhələlərini əhatə edir. Məsələn, bir adam astmatik bir kriz keçirsə və ya yüksək təzyiqə sahibdirsə, o anda aşılanmayacaq, ancaq vəziyyəti yaxşılaşdıqda, təhlükəsiz şəkildə peyvənd edilə bilər.

AzTimes.az


Abunəlik