Bu xəstəxanaya gedərkən özünüzlə şam götürün – Mahir Xəttab yazır…
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasındakı problemlərdən illərdir mətbuatda bəhs edilir. Lakin bu günə kimi nə Səhiyyə Nazirliyi, nə də xəstəxana rəhbərliyi problemləri aradan qaldırmağa çalışmır.
Bu günə qədər yığılıb qalan problemlər, artıq dövlət xəstəxanasını biyabırçı hala salıb. Təsəvvür edin, xəstəxananın şöbələrinin normal sanitar qovşağı belə yoxdur. Maraqlıdır, bəs o zaman illərlə ölkə başçısının səhiyyəyə ayırdığı milyonlar hara xərclənib?
Artıq bir müddətdir ki, sözügedən xəstəxana TƏBİB-in balansına keçib. Lakin hələ də ən kiçik problemlər belə aradan qaldırılmayıb. Görünür heç problemləri aradan qaldırmaq kimi bir niyyətləri də yoxdur.
Belə ki, dünən şəxsi feysbuk hesabımda xəstəxananın adını çəkmədən oradaki problemlərdən yazıb, TƏBİB-in məhsul şəxslərinə bu haqda məlumat vermişdim. Xəstəxana rəhbərliyi problemləri aradan qaldırmaq əvəzinə, bir-bir palataları gəzib, təlaşlı vəziyyətdə xəstələrdən “mətbuatda kimin qohumu var? Kim buradakı vəziyyəti mediaya ötürüb?” soruşublar. Yəqin həmin şəxsləri tapıb, xəstəxanadan xaric etmək niyyətində olublar. Bu da problemləri “aradan qaldırmaq” üsulu…
Nə isə, keçək xəstəxanada olan problemlərə. Deməli, xəstəxanada vəziyyət o qədər pisdir ki, xəstənin başının altına qoyduqları balınc kir və çirk içindədir. Çarpayıların örtükləri yoxdur. Əgər xəstələnib, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına getsəniz, hər şeydən əvvəl evdəki yorğan-döşəyinizi özünüzlə götürün. Bu, sizə orada çox lazım olacaq…
Təkcə yorğan döşəklə bitirmi? Əlbəttə, yox. Həmçinin, özünüzlə lampa və ya şam da götürün. Durun, sevinməyin, orada romantik anlar yaşamayacaqsınız… Lampa və şam götürməyinizin məqsədi xəstəxananın işıqlarının çox zəif olması ilə bağlıdır.
Hazırda orada yatan xəstələrin bildirdiyinə görə, həkimlər sistem qoşarkən telefon işığından istifadə edirlər – Neyləsin, gözü görmür də…
Elə bilirsiniz problemlər elə bunlardır? Hay-hay…
“Dövlət xəstəxanasıdır, gedib pulsuz müalicə alacam” xəyalları qurmayın, xəstəxanada sizi pulsuz nəyinki müalicə etmək, heç üzünüzə adi bir təbəssüm də edən olmayacaq. Spirtdən tutmuş, sistemin şunuruna qədər özünüzə aldıracaqlar – hər gün 2 manatdan xadiməyə verilən pulu, həkim sizə digərlərindən da yaxşı baxsın deyə edilən “hörmət”i də yaddan çıxarmayın… Onlar olmasa, sağalmağınız bir az uzun, qaldığınız palata isə çirkli olacaq…
Bəli, “inkişaf” edən səhiyyəmizin, xəstəxanamızın durumu belədir…
Qeyd edək ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bütün bu problemlərdən xəbardar olduqlarını, hər birinin zamanla aradan qaldırılacağını bildirib.
Odur ki, səbr edin, cənablar, hələ qarşıda nə çox il, ay, gün var. O günə qədər də şamla, lampa ilə, bir də öz yorğan-döşəyinizlə yola verin…