“Zon”dan göndərilən səsyazısı ŞOKa saldı”Vəziyyət acınacaqlıdır..”
Xidmətdə baş verən özbaşınalıqlardan və haqsızlıqlardan mətbuatda kifayət qədər xəbərlər yayımlansa da çox vaxt təqdim olunan faktlar obyektiv araşdırılmayıb. Əksinə “içəri”də baş verənləri “çöl”ə sızdırdıqları üçün şikayət edən məhkumlar şiddətə, təzyiqlərə məruz qalıblar. Ən yaxş halda narazı məhkumlar cəza çəkdiyi müəssisədən daha sərt rejimli müəssisələrə transfer ediliblər.
Belə məhkumlardan biri də hüquq mühafizə orqanlarının özbaşınalığından, cəzaçəkmə müəsisələrində yaşanan problemlərdən mütamadi olaraq şikayət etdiyi üçün 6 saylı “zon”-dan 17 saylıya etap edilən Əliyev Vahid Ağababa oğludur.
Məhkum Vahid Əliyev
Vahid Əliyev hazırda cəza çəkdiyi 17 saylı Cəzaçəkmə müəssisəsindən Asiya TV-yə səs yazısı göndərərək Penitensiar müəssisələrdə məhkumların yemək-içmək, maddi-məişət və tibbi saniteriya təminatının acınacaqlı olması, şəxsən özünə qarşı qanuna zidd hərəkətlər və hüquqlarının kobud şəkildə pozulmasına etiraz olaraq 25 gündən artıqdır ki, müddətsiz aclıq aksiyasına başladığını bildirib.
Məhkum Əliyev qeyd edir ki, “Müraciətimdən sonra səhhətimdə problem yaranarsa, başıma bir iş gələrsə, mənə qarşı təxribata yol verilərsə, həyat və sağlamlığıma qəsd olunarsa və ya təhlükə yaranarsa bunun məsuliyyəti Penitensiar Xidmətin rəhbərliyi və saxlanıldığım müəssisənin rəisi ilə yanaşı müraciət ünvanladığım şəxslərin üzərinə düşür.”
Şikayətçi məhkum sonda Ombudsman Səbinə Əliyevadan və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərindən saxlanıldığı müəssisəyə gələrək, birbaşa onu qəbul etmələrini tələb edir.
Asiya TV-nin əməkdaşı hadisə ilə bağlı açıqlama verməsi üçün Penitensiar Xidmətin mətbuat katibi Ədliyyə Polkovniki Mehman Sadıqovla əlaqə saxlayıb. Mehman Sadıqov məsələni nəzarətə götürüləcəyini və qısa zamanda araşdırma aparılacağını bildirib.