Daşkəsənin Dəstəfur kəndində nə baş verir?-İcra hakimiyyətinden tam AÇIQLAMA

Baxılıb:628
Daşkəsənin Dəstəfur kəndində nə baş verir?-İcra hakimiyyətinden  tam AÇIQLAMA

Sorğunuza cavab olaraq bildirirəm ki, Daşkəsən rayonunun Dəstəfur kənd sakini, şəhid anası Şıxıyeva Sevda İsrafil qızı dəfələrlə yazılı və şifahi olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinə şikayət edərək bildirmişdir ki, guya Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova Şıxıyev Orxan Raqif oğluna qəsdən müharibəyə çağırış vərəqəsi verərək onun şəhid olmasına səbəb olmuş və bu səbəbdən Lalə Cəfərovanı işdən azad etməsini tələb etmişdir.
Həmin şikayətlə bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Sevda Şıxıyevanın şikayətində göstərdikləri öz təsdiqini tapmamışdır. Belə ki, 2-ci Qarabağ müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən Daşkəsən rayonunun Dəstəfur kəndindən də 13 nəfər, o cümlədən Şıxıyev Orxan Raqif oğlu səfərbərlik üzrə hərbi xidmətə çağırılmışdır. Orxan Şıxıyev 44 günlük Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş və o 02.11.2020-ci il tarixdə Daşkəsən rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhid ailəsi kimi Sevda Şıxıyevanın ailəsinə dövlət orqanları tərəfindən yüksək səviyyədə yardımlar, birdəfəlik müavinətlər verilmiş və şəhidin ailə üzvləri Sevda Şıxıyevanın Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan qızı Xalidə Qasımova müvafiq təhsili olmadığı halda Dəstəfur kənd kitabxanasına müdir təyin olunmuş, Sevda Şıxıyevanın digər tələbi ilə bacısı oğlu əvvəllər məhkum olunmuş Asif Məmmədovun arvadı Pərvanə Məmmədova Dəstəfur kənd tam orta məktəbində işlə təmin edilmiş, oğlu Sərxan Şıxıyev isə “AzərGold” QSC-də işə düzəlmişdir. Lakin o, işə getmədən əməkhaqqı almaq istəyir. Əri Raqif Şıxıyev Daşkəsən Elektrik Şəbəkəsində elektrik-montyor işi ilə təmin olunmuşdur. Özü də uzun illərdir, III dərəcə əlillik pensiyası alır, yəni bu ailənin işlə bağlı heç bir problemi yoxdur.
Daşkəsən rayon İcra hakimiyyəti tərəfindən Daşkəsən rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələrininə və qazilərə, o cümlədən Sevda Şıxıyevanın ailəsinə mütəmadi olaraq qayğı, diqqət və dəstək göstərilir.
Bundan başqa müəyyən edilmişdir ki, Sevda Şıxıyevanın oğlu Orxan Şıxıyev ilə aralarında mütəmadi olaraq münaqişə yaranmış və nəticədə Sevda Şıxıyeva oğlu Orxan Şıxıyevi və gəlini Şıxıyeva Nəzmiyə Araz qızını evdən qovmuşdur. Həmin ailə münaqişəsi ilə bağlı material polisdə araşdırıldıqdan sonra hadisə Göygöl rayonu ərazisində baş verdiyi üçün Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə həmin işə baxılarkən Orxan Şıxıyev səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və o, Vətən müharibəsində iştirak edərək şəhid olmuşdur.
Şəhid Orxan Şıxıyevin dəfnindən sonra anası Sevda Şıxıyeva şəhidin ailəsinə verilən birdəfəlik müavinətləri və toy zamanı şəhidin arvadına hədiyyə edilmiş qızıl-zinət əşyalarını şəhid Orxan Şıxıyevin arvadı (gəlini) Nəzmiyə Şıxıyevadan zor tətbiq etməklə almış, özünü də Göygöl rayon Yeni Qızılca kəndində olan evindən qovmuşdur.
Hazırda Nəzmiyə Şıxıyeva bununla bağlı müxtəlif hüquq-mühafizə orqanlarına şikayətlər edərək pulunun və qızıl-zinət əşyalarının qayınanası Sevda Şıxıyeva tərəfindən qaytarılmasını tələb etmiş, lakin hələ də onun bu tələbi təmin edilməmişdir.
Sevda Şıxıyeva şəhid ailəsi statusundan istifadə edərək ali təhsilli, 10 il məktəb direktoru işləmiş, 2012-ci ildən Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi işləyən, üzərinə düşən vəzifələri layiqincə, məsuliyyətlə yerinə yetirən, bu vaxtadək hər hansı bir xəbərdarlıq, töhmət almayan Lalə Cəfərovanı tutduğu vəzifədən əsassız olaraq, təkidlə azad edilməsini tələb etmişdir. O, Lalə Cəfərovanın tutduğu vəzifəyə özünün istədiyi şəxsin təyin olunmasını məcbur edir, halbuki onun dediyi həmin şəxsin ali təhsili belə yoxdur. Buna görə də, şəhid anası Şıxıyeva Sevda İsrafil qızı dayanmadan Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Cəfərovadan müxtəlif orqanlara qərəzli şikayətlər yazaraq onun işdən azad olunmasını əsassız olaraq tələb edir.
Şəhid anası Sevda Şıxıyeva Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə işləyən Lalə Cəfərovaya qarşı niyə belə qərəzli mövqedə olmasının səbəbi nə ilə bağlıdır? Bununla maraqlandıqda məlum olmuşdur ki, vaxtılə Sevda Şıxıyevanın bacısı oğlu Məmmədov Asif Rəcəb oğlu ağır cinayətlər törətməsi ilə bağlı məhkəmə tərəfindən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun həbs edilməsində Sevda Şıxıyeva və onun qohumları təkidlə bildirirlər ki, həmin dövrdə Dəstəfur kənd icra nümayəndəsi işləyən Lalə Cəfərovanın qayınatası Həsənov Səməndər Mirzə oğlu günahkardır. Guya Lalə Cəfərovanın qayınatası Səməndər Həsənov Asif Məmmədov barəsində hüquq-mühafizə orqanlarına məlumat verib onu tutdurmuşdur. Buna görə də, hazırda Lalə Cəfərovadan qərəzçiliklə həmin hadisənin qisasını almaq istəyirlər.
Lalə Cəfərovanı tutduğu vəzifəsindən azad etdirməyə nail ola bilmədiyi üçün Sevda Şıxıyeva şəhid ailəsi statusundan sui-istifadə edərək müxtəlif yerlərdə şər və böhtan, həqiqətə uyğun olmayan qərəzli və əsassız şayiələr yayır. Belə ki, Sevda Şıxıyeva Daşkəsən rayonunun şəhid ailələrini aldadaraq onları inandırmışdır ki, guya onun Bakı şəhərində yüksək vəzifəli şəxslərlə əlaqəsi var. Onların vasitəsi ilə şəhid övladlarının adını əbədiləşdirməkdən ötrü rayon ərazisində küçələrin, məktəblərin şəhidlərin adına verilməsi, xidmətləri ilə bağlı ordenlərlə təltif edilməsi üçün şəhid analarını Müdafiə Nazirliyinə aparmış, orada növbətçinin qəbulundan sonra isə onları qələbəmizi gözdən salmağa çalışan “Hürriyyət” YouTube internet kanalına apararaq orda şər və böhtan, qərəzli sözlər danışmışdır.
Lakin şəhid ailələri onun belə qərəzli, yalan və böhtan danışdığını görərək Sevda Şıxıyevaya öz etirazlarını və iradlarını qətiyyətlə bildirib oradan uzaqlaşaraq sonra bu məsələ ilə bağlı 24 şəhid ailəsi Daşkəsən rayon İcra hakimiyyətinə öz imzaları ilə 15.07.2021-ci il tarixdə yazılı kollektiv müraciətlər ünvanlamışlar (Həmin müraciətlər əlavə olunur).
Yuxarıda qeyd edilən faktlar Daşkəsən rayon İcra hakimiyyətinin ünvanına göndərilmiş Daşkəsən rayonunun 24 şəhid ailələsinin müraciətləri, Dəstəfur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Cəfərovanın və Sevda Şıxıyevanın gəlini (şəhid Orxan Şıxıyevin arvadı) Şıxıyeva Nəzmiyə Araz qızının ərizələri ilə təsdiq olunur.
Daşkəsən rayonunun Dəstəfur kənd sakini şəhid anası Sevda Şıxıyevanın məqsədi Daşkəsən rayon İcra hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirmək, Daşkəsən rayonunda çaşqınlıq, qarşıdurma yaratmaq, görülən işlərə kölgə salmaq, hazırda rayonda olan sabitliyi pozmaqdır.
Hesab edirəm ki, Sevda Şıxıyeva şəhid anası statusundan istifadə edərək ağır cinayətlər törətməsi ilə bağlı 13 il həbs cəzası çəkmiş bacısı oğlu Məmmədov Asif Rəcəb oğlundan, Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyasının Daşkəsən rayon təşkilatının sədri Mehtili Sabit İmran oğlundan və əsas təşkilatçı olan həmin partiyanın Qərb bölgəsinin sədri Mail Vəliyevdən xüsusi taşırıqlar alaraq radikal qruplaşdırmaların üzvləri ilə əlaqə saxlayır.

Dərin hörmət və ehtiramla:
Daşkəsən rayon İcra hakimiyyəti .

AzTimes.az


Abunəlik