Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı

Baxılıb:195
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir.

Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə, tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Azərbaycanın milli mədəniyyəti, ənənə və dəyərləri, dini baxışları xalqın müqəddəs etiqadına söykənməklə, özündə çox böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə, insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. Müqəddəs etiqada, yüksək daxili inam və ruhi saflığa tapınan Azərbaycan xalqının uzun əsrlər boyu islami dəyərlərə sadiq müsəlman ümməti kimi tanınması da məhz bu həqiqətin bariz təcəssümüdür.

Azərbaycan Prezidentinin andiçmə mərasimində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu təsdiqləyir.

Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Ulu öndər 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdi: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!”.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.

Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqətin parlaq təzahürüdür.

Nübar Bayramova,             Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru AzTimes.az


Abunəlik