Ət bazarına böyük təhlükə: – “Hökumət bunun qarşısını ala bilməyəcək”

Baxılıb:128
Ət bazarına böyük təhlükə: – “Hökumət bunun qarşısını ala bilməyəcək”

Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir üzə çıxan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik yayılıb.

Bu xəstəlik Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi tərəfindən aşkar edilib.

Sahə baytar həkimi İlham Zeynlaov bildirib ki, bu xəstəlik ölümcül və nadirdir: “Bu, hər il yayılan xəstəlik deyil. Bu xəstəlik 10-15 ildən bir tək-tək təsərrüfatlarda yayılır. Əsasən mal bazarında və mal-qara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yarana bilir”.

Xəstəlik aşkar olunandan bu günə qədər təsərrüfatda olan iribuynuzlu və xırdabuynuzlu mal-qaranın bir neçəsi tələf olub. Xəstəliyin yaranma səbəbləri, yəni yerlərdə mal-qara içərisinə yeni heyvanların gətirilməsi, yaxud gənələrin olması ehtimalı yüksəkdir ki, bu da həmin xəstəliyin genişlənməsinə şərait yarada bilər.

Mövcud xəstəliyin qarşısının alınması istiqamətində hansı tədbirlər həyata keçirmək olar və bu xəstəlik geniş yayılarsa, ölkədə ətin bahalaşmasına gətirib çıxara bilərmi?

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycanda baytarlıq xidməti çox inkişaf edib, ancaq bu xidmətin göstərilməsi səviyyəsi aşağıdır:

“Baytarlığın elmi əsasları ilə bağlı vəziyyət normaldır, mütəxəssislərimiz var. Ancaq məsələ orasındadır ki, o mütəxəssislər yerində deyil. Həmin mütəxəssislərin potensialından istifadə edilmir. Həmin mütəxəssislərin potensialından istifadə edib ölkədə baytarlıq xidmətini yüksək səviyyədə qurmaq olar. Belə bir deyim var ki, ən çox bilən həkim baytarlar və pediatrlardır. Yəni hər ikisi dilsiz canlı ilə danışır. Ona görə də təcrübəsi olan yüzlərlə baytarımız var, həmin adamları işə cəlb edib baytarlıq xidmətini yüksək səviyyədə qurmaq olar. Çox təəssüflər olsun ki, hazırda rayonlarında baytarlıq sahəsində çalışanlara çox aşağı maaş verilir. Eləcə də oraya qohumluq əlaqələri, rüşvət müqabilində kimi gəldi götürürlər. Təklif edərdim ki, rayonlardakı baytarlıq xidmətləri publik hüququ şəxs olsun, hökumət artıq onun öhdəsindən gələ və maaş verə bilmir. Publik hüququ şəxs kimi hökumətin nəzarəti olsa da, xidmətləri ödənişli əsaslarla göstərsinlər”.

Ekspert deyib ki, hazırda xəstəliyin səbəblərindən biri kimi kənardan gələn heyvanlar göstərilirsə, bu xəstəliyin müəyyənləşdirilməsi, ona qarşı mübarizənin təşkili üçün hansı idxal heyvanından şübhələnirlərsə, həmin ölkəyə müraciət etmək lazımdır:

“Orada yəqin ki, bu xəstəlik var, buna qarşı mübarizə aparırlar, müraciət edərək ona qarşı mübarizə barədə məlumat əldə etməlidirlər”.

Xəstəliyin ətin qiymətinə təsirinə gəldikdə isə ekspert deyir ki, hazırda yay mövsümüdür, bostan-tərəvəz bitkilərinin bol olduğu vaxtdır:

“Hesab etmirəm ki, bugünlərdə ətin qiymətinin artması müşahidə olunsun. Digər tərəfdən, bu xəstəlik hələ epidemiya şəklini almayıb ki, heyvanları kütləvi şəkildə qırsın. Müəyyən faktlar var, harada tələfat baş veribsə, orada mübarizəsini təşkil etmək olar. Hazırda bu prosesin ətin qiymətinin qalxmasına təsirini güman etmirəm. Ancaq gələcəkdə bu xəstəlik genişlənərsə, qarşısını ala bilməsələr, təhlükəli məqam yaranacaq. Həm ət qıtlığı meydana çıxacaq, həm də tələf olan heyvanların ətini bazara çıxarmağa çalışacaqlar. Azərbaycan hökumətinin isə bunun qarşısını almaq potensialı yoxdur. Qida təhlükəsizliyi sistemi normal işləmir, demək olar ki, yoxdur. Həmin xəstə heyvanların ətinin bazara çıxmasının qarşısını alan potensial şirkət də yoxdur”.


Abunəlik