Bu gündən Azərbaycanda toylar başlayır

Baxılıb:112
Bu gündən Azərbaycanda toylar başlayır

Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.

50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq.

Belə ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:

– yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;

– İyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
Toy mərasimlərinin keçiriləcəyi şadlıq evləri ilə bağlı tələblər

– şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

– keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;

– şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;

– sanitar-epidemioloji tələblərə riayət olunması məqsədilə yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq olunaraq şənlik mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaq;

50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən toylarda COVID-19 pasportu tələb olunmayacaq.

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.


Abunəlik