AVRO-2020: Bu gün daha 3 oyun keçiriləcək
Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.
“Report”un məlumatına görə, matçlardan biri B, ikisi isə C qrupunda baş tutacaq.
Günün ilk oyunu Rumıniyada olacaq. C qrupunun ilk turunda Niderlanda 2:3 hesabı ilə uduzan Ukrayna millisi Buxarestdəki “Milli Arena”da Şimali Makedoniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.
Günün ikinci qarşılaşması Danimarka və Belçika milli komandaları arasında gerçəkləşəcək. Kopenhagendəki “Parken” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq. Danimarkalılar ilk görüşdə Finlandiyaya 0:1 hesabı ilə uduzub. Belçika isə Rusiyanın qapısından 3 cavabsız qol keçirib. Roberto Martinesin baş məşqçi olduğu kollektiv rəqibinə qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcək.
C qrupunun digər görüşündə turnirin favoritlərindən Niderland yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamdakı “Yohan Kroyf Arena”da gerçəkləşəcək matçı İsrail Futbol Assosiasiyasından Orel Qrinfeld idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa çempionatı
B qrupu, II tur
20:00. Danimarka – Belçika
Baş hakim: Byörn Kuypers (Niderland)
Kopenhagen, “Parken” stadionu
Xal durumu: Belçika – 3 (1), Rusiya – 3, Finlandiya – 3, Danimarka – 0 (1)
C qrupu
17:00.Ukrayna – Şimali Makedoniya
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, “Milli Arena”
23:00. Niderland – Avstriya
Baş hakim: Orel Qrinfeld (İsrail)
Xal durumu: Avstriya – 3, Niderland – 3, Ukrayna – 0, Şimali Makedoniya – 0.